Azərbaycan Beynəlxalq Bankından ipoteka krediti alan müştərilərə yeni bir imkan yaradılıb. Bankdan Fins.az-a verilən məlumata görə, həmin şəxslər ipoteka predmeti olan mənzillərini sata biləcəklər. Bunun üçün müştərilər lazımi sənədlərlə tikinti şirkətinə və Banka müraciət edilməlidir.

Xatırladaq ki, Beynəlxalq Bank tikinti şirkətləri ilə tərəfdaşlıq çərçivəsində öz vəsaitləri hesabına mənzil kreditlərinin verilməsini hazırda dayandırıb. Amma Azərbaycan Beynəlxalq Bankı “Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) ipoteka kreditlərinin verilməsi üzrə müvəkkil bankıdır. AİF xəttilə ipoteka kreditləri manatla, yalnız Azərbaycan vətəndaşlarına və üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahəsinin alınması məqsədilə verilir. Kreditin maksimum həcmi 100 min manatdır. Adi ipoteka kreditlərinin müddəti illik 8%-lə 25, güzəştli ipoteka kreditlərinin müddəti isə illik 4%-lə 30 ilə qədərdir.

İpoteka krediti almaq üçün müştərilər https://e-ipoteka.az/ Elektron İpoteka Portalında əvvəlcədən qeydiyyatdan keçərək, müraciət üçün seçdikləri müvəkkil bankda növbəyə yazıla bilərlər.

36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud 937 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.