Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) növbəti dövlət sifarişinin reallaşdırılmasına başlayıb.

MİDA-nın İctimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 2011-ci il 28 dekabr tarixli Fərmanı ilə yaradılmış Komissiyanın müraciətinə əsasən, Mənzil İnşaatı Dövlət Agentliyinin Hövsan Yaşayış Kompleksində yerləşən 2962 mənzildən 803-ü hərbi qulluqçular üçün ayrılıb.

Həmin mənzillərdən 8-i birotaqlı, 22-si 2 otaqlı, 472-si 3 otaqlı, 301-i isə 4 otaqlıdır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli və kombi isitmə sistemi ilə təmin edilib.

Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən dövlət sifarişi əsasında Yasamal Yaşayış Kompleksindən 21 mənzil, Hövsan Yaşayış Kompleksindən isə ümumilikdə 1112 mənzil ayrılıb.