Azərbaycanda çıxarışı olmayan mənzilləri də ipoteka krediti ilə almaq mümkün olacaq. Bunu FED.az-a Bank VTB (Azərbaycan)-ın İpoteka kreditləşməsi qrupunun rəhbəri Aydın Umudov bildirib.

A.Umudovun sözlərinə görə, hazırda “VTB bank” çıxarışı olan evlərin alınması üçün ipoteka krediti ayırır. Bura müştəri tərəfindən seçilən istənilən çıxarışlı mənzillər daxildir. Bu məhsul üzrə faiz dərəcəsi ilkin ödəniş və kredit məbləğindən asılı olaraq 12-14 % arasında dəyişir.

“Yaxın gələcəkdə isə yeni layihəmizə başlayacayıq, yəni çıxarışı olmayan mənzilləri də, artıq kreditləşdirə biləcəyik. Bura bankın tərəfdaş şirkətlərinin inşa etdiyi binalardakı mənzillər aiddir.

Yəni bankımızla əməkdaşlıq edən tikinti şirkətlərinin təklif etdiyi mənzillərin çıxarışı olmadığı halda belə bank müştəriyə ipoteka krediti verməyə hazırdır. Bu mənzillər üçün ipoteka üzrə faiz dərəcəsi ilkin ödəniş və kredit məbləğindən asılı olaraq 13-15 % arasında dəyişəcək”-deyə o bildirib.