Daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatına alınması və qeydiyyatın ləğvi ilə bağlı xidmətlər Əmlak Xidmətləri Məkanında, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin regional ofislərində və elektron formada əlçatan oldu.

Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, qeyd olunan xidmətlərə müraciətlərin qəbul edilməsi, işin icra tarixi barədə bildirişlərin verilməsi, işin icrasından imtina edildiyi hallarda bu barədə xidmət istifadəçisinin məlumatlandırılması aiddir.

İpotekanın dövlət qeydiyyatına alınmasını elektron xidmət vasitəsilə daha rahat formada həyata keçirmək mümkündür. Bunun üçün istifadəçi Komitənin elektron xidmətlər portalında 15-ci bölməyə daxil ola bilər. Elektron formada və ya ünvanlarda xidmətdən istifadə etmək üçün tələb olunan sənədlərə şəxsiyyəti təsdiq edən sənəd, daşınmaz əmlakın ipotekası haqqında müqavilə, ərizə, xidmət haqqı və dövlət rüsumunun ödənilməsi barədə sənəd və digərləri aiddir. İpotekanın dövlət qeydiyyatına alınması xidməti 3 iş günü ərzində həyata keçirilir, 20 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tələb olunur. Xidmətin nəticəsi olaraq ipotekanın dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış hüquq sahibinə təqdim edilir və ya elektron imza ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanı təmin olunur.

 

©Ona.az,Banker.az