Mənzil İnşaatı Dövlət Agentliyi Yasamal Yaşayış Kompleksindəki mənzillərin növbəti güzəştli satışına start verib.

FED.az xəbər verir ki, Yasamal Yaşayış Kompleksinin 22-27 saylı binalarındakı 248 mənzil satılacaq. Satış 25 Dekabrda başlayıb 30 Dekabrda başa çatacaq. Gözləmə qaydasında mənzillərin seçimi isə 27 Dekabrda başlayacaq 30 dekabrda başa çatacaqdır.

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət portalı” (www.e-gov.az) üzərindən “Güzəştli mənzil”  sistemi vasitəsilə həyata keçirilir. Yalnız “Güzəştli mənzil”  sistemində elektron kabinetə malik olan vətəndaşlar mənzil almaq hüququna malikdirlər.

1 otaqlı mənzilin qiyməti 29 min 925 manatdan, 2 otaqlı mənzilin qiyməti 47 min 614 manatdan, 3 otaqlı mənzilin qiyməti isə 65 min 626 manatdan başlayır.

Mənzillər 10% ilikin ödənişi və 4% illik faiz dərəcəsi olan 30 ilədək ipoteka ilə təklif olunur. Aylıq ödəniş 1 otaqlı mənzillər üçün 129-136 manat, 2 otaqlı mənzillər üçün 205-236 manat, 3 otaqlı mənzillər üçün isə 282 – 288 manat  təşkil edir.

Mənzili nağd alanlara 10% endirim edilir.

Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi – Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı barədə ELAN