Azərbaycan İpoteka Fondunun (AİF) agent bankları 2006-cı ilin martından bu yana 17 min 984 ipoteka krediti verib.

Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 730 milyon 172 min 420 manatdançoxdur.

AİF-in ötən ilin sonlarında yayılan hesabatında bildirilirdi ki, Azərbaycanda ipoteka kreditlərinə görə, daha çox bank və sığorta şirkətlərinin əməkdaşları müraciət edirlər.

Hesabata əsasən, 2015-ci ilin III rübünün yekunları üzrə ipoteka kreditlərinin təqribən 22 faizi onların payına düşüb.

Siyahıda sonrakı yerləri hərbçilər (20,7 faiz), enerji sahəsinin (13,1 faiz) və hüquq-mühafizə orqanları əməkdaşları (9,2 faiz) tuturlar. Kreditlərin qalan hissəsi rabitə, nəqliyyat, səhiyyə, təhsil, tikinti və digər sahələrin əməkdaşlarının payına düşür.

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib ki, Maliyyə Nazirliyi tərəfindən ipoteka kreditlərinin güzəşt və kommersiya hissələrinin genişləndirilməsi üzərində işlər aparılır. Və ən geci gələn ay ipoteka kreditlərinin yeni şərtlərlə verilməsinə başlanılacaq.