Media Təhlil Mərkəzi əhalinin ipoteka kreditləşməsinə etibar səviyyəsini öyrənmək məqsədilə sorğu keçirib.

“Report”un mərkəzə istinadən verdiyi məlumata görə, sorğuda iştirak edən 745 respondentin 38 %-ni qadınlar, 62 %-ni kişilər təşkil edib.

Keçirilən sorğunun nəticələrinə görə, respondentlərin 58,2 %-i ailəsinə məxsus mənzildə, 19,1 %-i kirayə şərtilə, 11,5 %-i isə şəxsi mülkiyyətində olan mənzildə yaşadıqlarını qeyd ediblər.

İpoteka və Kredit Zəmanət Fondu xətti ilə mənzil sahibi olanlar sorğu iştirakçılarının 4,3 %-i, şirkətdaxili ipoteka krediti ilə aldığı mənzildə yaşayanlar 0,5 %-i, müvəkkil banklar vasitəçiliyi ilə aldığı mənzildə yaşayanlar isə 0,5 %-i təşkil edir. Sosial ipoteka şərti ilə mülkiyyət sahibi olanlar isə cavab verənlərin 0.3 %-i təşkil edir.

Cavabların təhlilinə əsasən, respondentlərin 75,8 %-i dövlət zəmanəti ilə təqdim olunan ipoteka şərtlərinə, 13,7 %-i tikinti şirkətlərinin təklif etdiyi daxili kreditləşməyə, 10,5 %-i isə bankların daxili kredit şərti ilə təqdim olunan ipotekaya etibar edir. Sorğuda iştirak edənlərin 88,5 %-i tikintisi ilkin mərhələdə olan (bünövrəsi qoyulan) binadan mənzil almağı məqsədəuyğun hesab etməsə də, 11,5 %-i bu üsulla mənzil sahibi olmağı normal qəbul edib.