“AzerGold” QSC-nin yerli qızıldan hazırlanan sikkə və külçələrinin pərakəndə satışında fasilə yaranıb.

Marja.az xəbər verir ki, azergold.gift saytında “Məhsullar” bölməsində qızıl sikkə və külçə məhsulları barədə məlumatlar yığışdırılıb. Hazırda onlayn şəkildə qızıl məhsulları almaq mümkün deyil.

Həmçinin, hazırda Bakıda Bülbül prospekti, 3 ünvanında yerləşən “AzerGold” Satış və mübadilə mərkəzində də qızıl sikkə və külçə məhsullarının satışı mövcud deyil.

Gümüş sikkələrin satışı isə davam edir.

“AzerGold”ın Satış və mübadilə mərkəzindən Marja.az-da bildiridi ki, hazırda “stokda” (anbarda) qızıl məhsulları yoxdur, bu səbəbdən satışda mövcud deyil. Aprelin 15-dən etibarən qızıl məhsullarının yenidən satışda olacağı gözlənilir. 

Qeyd edək ki, geo-siyasi gərginlik və iqtisadi narahatlıqlar ilə əlaqədar olaraq Dünya bazarında qızıl sürətlə bahalaşır. Dünən 1 unsiya qızılın qiyməti 3100 dolları da keçirək rekord qırıb. Sarı metalın sürətlə bahalaşması ona tələbi daha da artırıb.