OPEC+” (Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) çərçivəsində yeni razılaşmaya əsasən Rusiya və Səudiyyə Ərəbistanı gündəlik 8,5 mln. bareldən artıq neft hasil etməyəcəklər.

APA-Economics”in “RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə OPEC üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında keçirilən nəticələrinə görə gəbul edilmiş sənəddə deyilir.

Məlumata əsasən, bu hasilat göstəricisi bu ilin may-iyun aylarını əhatə edir.

Qeyd edək ki, OPEC üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında keçirilən 9-cu iclasında 11 saata yaxın davam edən müzakirələrin yekununda yeni ”Əməkdaşlıq Bəyannaməsi” Meksikanın təklif olunan həcmlərlə razılaşacağı şərti ilə qəbul edilib.

Məlumata əsasən, “Əməkdaşlıq Bəyannaməsi” qüvvəyə minəcəyi təqdirdə, “OPEC plus” ölkələri may-iyun aylarında gündəlik hasilatı 2018-ci ilin oktyabr ayı səviyyəsindən 23% olmaqla 10 mln. barrel həcmində azaldacaqlar. Bu mərhələdə hasilat öhdəlikləri OPEC ölkələri üçün sutkada 6,085 mln. barrel, qeyri-OPEC ölkələri üçün isə 3,915 mln. barel müəyyən edilib. Qeyd edək ki, OPEC və qeyri-OPEC ölkələrinin hasilatın məhdudlaşdırılması kvotalarına yalnız xam neft həcmləri daxildir. Budəfəki öhdəliklərdə kondensat həcmləri nəzərə alınmayıb.

Dünya neft bazarında balansın yaradılması və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə Azərbaycan da üzərinə yeni öhdəliklər götürüb. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan yeni Razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barel azaltmalı olacaq. Bu müddət ərzində Azərbaycan gündəlik xam neft hasilatını 554 min barel həcmində saxlamalıdır.