Yaponiyanın Xarici İşlər Nazirliyi dünya ölkələrinə sayəhətlərdən imtina etmək barədə xəbərdarlığın dərəcəsini dörd ballıq cədvəl üzrə ikinci dərəcəyədək qaldırıb.

AZƏRTAC Yaponiya Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, yeni koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq edilən bu addım yaponların əhəmiyyətsiz xarici səfərlərdən imtina etməsi ilə əlaqədar atılıb. Bildirilir ki, səyahətlərlə əlaqədar bu səviyyədə xəbərdarlıq dünya miqyasında ilk dəfə elan edilib.

Yaponiyanın əsas aviadaşıyıcıları beynəlxalq reyslərin tamamilə dayandırılması və ya kəskin azaldılması ilə bağlı məsələni araşdırdıqlarını bildiriblər.

Əlavə olaraq qeyd edək ki, bir çox yapon aviaşirkətləri artıq beynəlxalq reysləri dayandırdıqlarını və ya kəskin azaltdıqlarını bildiriblər. Belə ki, “JAL” şirkəti beynəlxalq reysləri 71 faiz, “ANA” şirkəti isə 65 faiz azaltdığını bəyan edib.

Xəbərdarlıq səviyyəsinin qaldırılması, çox güman ki, sərnişinlərin sayının bundan sonra da azalmasına səbəb olacaq.

Aviaşirkətlərin bildirdiyinə görə, yaponların vətənlərinə və əcnəbilərin öz ölkələrinə daşınması davam etdirilsə də reyslərin azaldılması məsələsi ciddi nəzarətdə saxlanacaq.