Yaponiya hökuməti altıncı nəsil (6G) mobil rabitə sisteminin hazırlanmasına 70 milyard yen (təqribən 652,4 milyon dollar) vəsait ayırmaq niyyətindədir.

AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, yeni sistemin 2030-cu ildə tətbiqi planlaşdırılır.

Bildirilir ki, Yaponiya Nazirlər Kabineti yanında texniki mütəxəssislərdən, fərdi biznesin və əlaqədar nazirliklərin nümayəndələrindən ibarət mütəxəssislər qrupu artıq müəyyən müddətdir yaradılıb. Həmin qrupun vəzifəsi yeni formatın tətbiqi üçün kompleks strategiyanın hazırlanmasıdır.

Hazırda Yaponiyada 5G yeni nəsil rabitə sisteminə keçid dövrü başlanıb. Bu məsələdə ölkənin ABŞ və Koreya Respublikasından geri qaldığı bildirilir. Yaponiya hökuməti müvafiq qurğuların hazırlanmasında Çindən geri qalacağından da ehtiyat edir.

Buna görə də hökumət fərdi bizneslə əməkdaşlıq şəraitində əldən çıxmış imkanları bərpa edərək daha sürətli və təhlükəsiz altıncı nəsil sistemi yaratmağa çalışır. Yeni sistemdən pilotsuz nəqliyyat vasitələrində, məsafədən göstərilən səhiyyə xidmətlərində istifadə olunması nəzərdə tutulur.