“Vodafon Macarıstan” şirkəti yalançı reklama görə 1,2 milyard forint (təqribən 3,5 milyon avro) cərimə ödəməli olacaq.

AZƏRTAC Macarıstan KİV-lərinə istinadla xəbər verir ki, ölkənin antiinhisar idarəsi həmin şirkəti məhz bu məbləğdə cərimə edib. İdarənin fikrincə, “Vodafon Macarıstan” şirkəti dörd il bundan əvvəl başlanmış reklam kampaniyasında özünün 4G şəbəkəsinin guya “Avropada ən geniş şəbəkə” olması ilə lovğalanıb. Buna sübut göstərilməsini tələb edəndə isə şirkət müvafiq sübutlar təqdim edə bilməyib.

Son on ildə “Vodafon Macarıstan” şirkəti bazar qaydalarını pozduğu üçün 12 dəfə məsuliyyətə cəlb edilib. Ona görə də antiinhisar idarəsi bu faktı ağırlaşdırıcı amil hesab edib və şirkət maksimum məbləğdə cərimə olunub.