Azərbaycanda xurma istehsalı və ixracı ilə məşğul olan sahibkarların təşəbbüsü və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası təsis olunub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bununla bağlı qərar bu gün Göyçay rayonunda İqtisadiyyat Nazirliyinin və AZPROMO-nun dəstəyi, Göyçay rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Göyçay və ətraf rayonlarda xurma istehsalı və ixracı ilə məşğul olan 50-ə yaxın sahibkarın iştirakı ilə keçirilən tədbirdə verilib.

Tədbirdə çıxış edən AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev qeyd edib ki, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılması, bu sahədə ixracın genişləndirilməsi prioritet istiqamətlərdəndir və Azərbaycan Prezidentinin “Made in Azerbaijan” brendinin təbliğinə dair 5 oktyabr 2016-cı il tarixli Fərmanı bu baxımdan xüsusilə əhəmiyyətlidir.