Azərbaycanda dollara tələb yüksək məbləğdə qalır. Bu gün banklar hərracda 103,9 milyon dollar alıblar. Son iki hərracda 255 milyon dollar valyuta alınıb.
15 Fevral 2024-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Marja.az-ın Mərkəzi Banka istinadən məlumatına görə, hərracda tələb 103,9 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib (satış).
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.
Qeyd edək ki, 13 Fevral 2024-cü il tarixində keçirilmiş valyuta hərracında tələb 151,1 milyon ABŞ dolları təşkil etmişdi.
2024-cü ilin əvvəlindən bu yana keçirilmiş 12 valyuta hərracında banklara cəmi 891,9 milyon dollar satılıb.
Azərbaycan Mərkəzi Bankı bildirilib ki, son hərraclarda valyutaya tələbin aktivləşməsi mövsümi xarakter daşıyır. Bu əsasən bir sıra dövlət layihələrinin icrası və özəl sektorun idxal tələbi (o cümlədən ərzaq və kənd təsərrüfatı məhsulları) ilə əlaqədardır. Qeyd edilib ki, 2024-cü ilin ötən dövründə valyuta hərraclarının 55%-də təklif tələbi üstələmişdir.
“Ümumilikdə isə qeyd etmək lazımdır ki, valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir. Bu meyillərin davam etməsi halında 2024-cü ilin sonuna da cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir”,- Mərkəzi Bankdan bildirilib.