İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) Azərbaycanda səfərdə olan Rusiyanın Tatarıstan Respublikasının Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev bu ilin may ayında Kazan şəhərində keçiriləcək “Russia Halal Expo 2024” sərgisinə hazırlıq çərçivəsində aparılan işlər haqqında məlumat verib, tədbirin Azərbaycanın Tatarıstana qeyri-neft ixracının artmasına töhfə verəcəyini bildirib. Qeyd olunub ki, AZPROMO sahibkarlar arasında əlaqələndirmə prosesində aktiv rol oynayır və bunun nəticəsi olaraq Tatarıstanın işgüzar dairələri ilə hər il görüşlər keçirilir, mütəmadi məlumat mübadiləsi aparılır.
Oleq Korobçenko ölkəmizlə enerji, maşınqayırma və turizm sahələrində əməkdaşlığı vurğulayaraq, qurulan iqtisadi münasibətlərin genişləndirilməsi və şaxələndirilməsi üçün perspektivləri yüksək qiymətləndirib. Baş nazirin müavini kimya sənayesində birgə istehsal müəssisələrinin yaradılmasında maraqlı olduqlarını da diqqətə çatdırıb.
Görüşdə tərəflər həmçinin XV Beynəlxalq İqtisadi Forum “Rusiya – İslam Dünyası: KazanForum” çərçivəsində əməkdaşlıq imkanlarını müzakirə edib.