Bu il ali məktəblərə qəbul planında dövlət ali təhsil müəssisələrini seçənlərin sayında artım müşahidə edilib. Ali məktəblərə plan yerlərində boş yerlər əsasən özəl ali məktəblərin payına düşür. Bunun səbəbi nədir? Nəyə görə abituriyentlər özəl ali təhsil müəssisələrindən imtina edirlər?  Bu, ali məktəblərin bağlanmasına gətirib çıxara bilərmi?

Məsələ ilə bağlı özəl ali təhsil müəssisələrinin rektorları danışıb.

Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı bildirib ki, dövlət universitetlərinin qəbul planı 10 min nəfər artırılıbsa, təbii ki, tələbələr dövlət ali məktəblərini seçəcəklər.

“Ona görə özəl universitetlərə qəbul olunanlar nisbətən az olur. Özəl universitetlərin hamısı özünə uyğun sayda tələbə qəbul ediblər. Burda özəl universitetlərin verdiyi plana yox, qəbul olanların sayına diqqət etməlidirlər. Ola bilər ki, bu il özəl ali məktəbləri az abituriyent seçib, bu normaldır. Burada faciəli bir vəziyyət yoxdur.  Azərbaycanda olan özəl universitetlər kiçikdirlər.  Özəl universitetlərin bəziləri daha çox keyfiyyət tələb edir, çox tələbəyə ehtiyac yoxdur. Bizim tələbələrin 40 faizi dövlət sifarişi ilə gəlib. Dövlət universitetlərinin bəzilərindən daha çox dövlət sifarişli tələbəmiz var. Biz özümüz planı çox veririk, amma bilirik ki, bu il bizi təxmini nə qədər tələbə seçəcək. İstədiyimiz yüksək səviyyəli tələbəni biz alırıq. Bu da bizə bəs edir. Onu da deyim ki, tək özəl universitet deyil, dövlət universitetlərindən bəzilərində də qəbulla bağlı problemlər  var. Mən düşünürəm ki, zamanla daha çox keyfiyyətli təhsil müəssisələrinə üstünlük veriləcək. Elə universitetlər var ki, orada hər cür qarışıq işlər olur. Amma valideynlər uşaqlarını ora göndərirlər. Çünki bəzi valideynlərin məqsədi uşaqlarına keyfiyyətli təhsil vermək yox, nə hesaba olursa olsun, diplom almalarıdır”.
“Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyevin sözlərinə görə, bu il təkcə özəl ali məktəblərin yox, həm də dövlət universitetlərinin də ödənişli ixtisaslarından imtinalar olub.

“Bunun səbəbi çox sadədir. Maddi vəziyyəti zəif olan ailələr universitetin illik təhsil haqqını  ödəyə bilmirlərsə, məcburən imtina etməlidirlər. Sadəcə olaraq, hansı ali məktəbin illik təhsil haqqı azdırsa, onu seçirlər. Təəssüflər olsun ki, bu gün keyfiyyətli təhsil verən universitetləri yox, təhsil haqqını az edən universitetlərə daha çox meyl edirlər. Burada heç kimi qınamaq lazım deyil. Bunun da obyektiv, subyektiv səbəbləri var. Hər bir insanın iqtisadi vəziyyəti eyni deyil. Ancaq bu o demək deyil ki, özəl universitetlər bağlanacaq. Universitetlərə nə qədər az tələbə gəlsə də, bu, ali məktəbin bağlanmasına gətirib çıxarmaz. Çünki universitetlərdə əlavə kurslar var, xaricdən gələn tələbələr var. Özəl universitetlərin inkişafı göz önündədir. Heç bir problem yoxdur.  Hər bir təhsil müəssisəsi ümumi iqtisadi vəziyyəti nəzərə alıb təhsil haqqını müəyyənləşdirməlidir”.

 

modern.az