Ekspert: “Avropada elə bir ölkə yoxdur  ki, Rusiyaya qarşı sanksiyalarda, hesabların  dondurulmasında iştirak etməsin”

Avropanın bəzi banklarında Rusiya pulları həbs edilə bilər. Avropa İttifaqının banklara nəzarət xidmətinin Rusiya pullarının Danimarkanın Danske Bankında yuyulması işi bağlı Danimarka və Estoniyanın nəzarət orqanlarına dair təhqiqat işi açması bunu deməyə əsas verir. Avropa Banklara Nəzarət Xidməti Danimarka və Estoniyanın maliyyə təftişi idarələrinin Avropa İttifaqının qanunvericiliyi çərçivəsində öz öhdəliklərinə əməl edib-etmədiyini araşdıracaq. Danske Bank bundan əvvəl Rusiya və MDB ölkələrindən müştərilərin 8 milyard dollardan çox pulunun yuyulmasında ittiham edilib. “Reuters” xəbər agentliyi Estoniyanın 2018-ci ilin iyul ayında Danske Bankının Estoniya şöbəsinin fəaliyyəti ilə bağlı cinayət işi qaldırdığı haqda məlumat vermişdi. İstintaqın versiyasına görə, bankın Estoniya filialı 2007-ci ildən 2015-ci ilə qədər ümumi məbləği 8 milyard dollardan artıq pulun yuyulmasında iştirak edib. Skandalla əlaqədar Danske Bankın rəhbəri Tomas Borgen istefa verib.

“Financial Times” qəzeti 2018-ci ilin sentyabr ayında müstəqil təhqiqata istinadən 2013-cü ildə Danske Bankdan “heyrət doğuran məbləğ” – 30 milyarda qədər dolların keçirildiyini bildirib. Keçən il məlum olub ki, Danimarka hökuməti 2007-ci ildən 2015-ci ilə qədər 150 milyard dollar məbləğində sövdələşmələrlə bağlı yoxlama aparır.

Danske Bankın Estoniya şöbəsinin işi ilə bağlı ABŞ hökuməti də öz tərəfindən təhqiqat aparır. 2018-ci ilin iyul ayında sahibkar Bill Brauder banka qarşı iddia qaldırıb. O bildirib ki, bank Rusiyadan pulların fırıldaq yolu ilə çıxarılması üçün əsas kanallardan biri olub. Bu işin üstü Hermitage Capital fondunun hüquqşünası, Moskva həbsxanasında ölən Sergey Maqnitski tərəfindən açılmışdı. Rusiya prezidentinin qohumu İqor Putindən də bank vasitəsilə pulların yuyulmasında iştirak etməkdə şübhələnilir.

Dankse Bank fevralın 19-da Rusiya, eləvə də Latviya, Litva və Estoniyada fəaliyyətini dayandırdığını elan edib. Estoniyada bank maliyyə təftişi şöbəsinin tələbi ilə bağlanıb. Digər ölkələrdə isə bankın bağlanmasının səbəbinin çirkli pulların yuyulması strategiyası çərçivəsində səylərlə bağlı olduğu bildirilir. Bəs görəsən, Rusiyanın bu bankdakı vəsaitlərini nə gözləyir?  Son dövrlərdə Rusiyaya qarşı artan sanksiyalar fonundan onsuz da Avropada bu ölkəyə qarşı mənfi münasibət formalaşıb. Bu çərçivədə Rusiya dövlətinə və iş adamlarına məxsus hesablara həbs qoyula bilərmi?

Elxan Şahinoğlu ile ilgili görsel sonucu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əsasən Amerikanın Rusiyaya qarşı sanksiyaları getdikcə sərtləşir: “Bu sanksiyaların davamı da gəlir. Konqresdə bəzi konqresmenlər yeni sanksiyalar haqqında qanun təşəbbüsü ilə çıxış etməyi planlaşdırırlar. Getdikcə Rusiyaya qarşı siyasət sərtləşir. Avropa Amerika ilə müqayisədə bir qədər yumşaq siyasət yürüdür. Bəzi Avropa ölkələri Rusiya ilə münasibətləri davam etdirməkdə maraqlıdırlar, çünki bu ölkədən qaz alırlar. Ancaq Rusiya Krımı işğal etdiyinə görə Avropa Birliyi ölkələrinin də ona qarşı sanksiyaları var. Bəzi ölkələrlə Rusiyanın münasibətləri daha gərgindir. Məsələn, Polşa və ya digər Şərqi Avropa  ölkələri”.

Politoloqun sözlərinə görə, elə ölkələr də var ki, Rusiyanı tənqid etməklə yanaşı onunla əməkdaşlığı da davam etdirirlər: “Örnək kimi Almaniyanı göstərmək olar. Almaniya bir tərəfdən Krımın işğalına görə Rusiyaya sanksiya tətbiq edir, digər tərəfdən, bu ölkədən qaz alır, Şimal dənizinin dibi ilə yeni boru xətti tikir. Ancaq Danimarkanın timsalında zaman-zaman müəyyən sərtləşmələr də olur, bəzi hesablar dondurulur ki, bu da Rusiyaya ciddi problemlər yaradır. Rusiyanın siyasətində dəyişikliklər olmayınca belə hallar çox olacaq. Əvvəl də hansısa iş adamları saxlanılırdı, hansısa banklarda hesablar dondurulurdu. Rusiya Fransaya iki gəmi sifarişi vermişdi. Krımın işğalından sonra Fransa həmin gəmiləri Rusiyaya vermədi. Ukrayna ilə siyasətinə görə Rusiyanın başı çox ağrıyır və bundan sonra da ağrıyacaq”.

E.Şahinoğlu da vurğuladı ki, hazırda Rusiyaya qarşı çirkli pulların yuyulması ittihamı var: “İstənilən Avropa ölkəsində məhkəmə belə bir qərar çıxarsa, həmin qərarın icrası zamanı hesablar dondurulur, iş adamları Avropaya buraxılmır. Belə hallar çox olur. Danimarkanın  bu məsələdə mövqeyi maraqlıdır, çünki onlar heç zaman Rusiyaya qarşı belə addım atmamışdılar. Danimarka misalı elə onu göstərir ki, artıq  Avropada elə bir ölkə yoxdur  ki, Rusiyaya qarşı sanksiyalarda, hesabların  dondurulmasında iştirak etməsin”.

“Yeni Müsavat”