Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi kredit sorğusu keçirib. Novator.az xəbər verir ki, noyabrın 20-də açıqlanan nəticələrə görə, Rusiya əhalisinin 57%-nin bağlanmamış krediti var. Bu, 2009-cu illə müqayisədə iki dəfədən çoxdur. O vaxt əhalinin 26%-nin bağlanmamış krediti olub.

Sorğunun nəticələrinə əsasən, son 3 ildə bankdan kredit alan rusiyalıların sayı 58%-dən 67%-ə qalxıb. Onların 47%-i dəfələrlə kredit götürüb.

Sorğuya qatılanların 57%-i bildirib ki, onların və ailə üzvlərinin bir və ya bir neçə kredit borcu var.

Respondentlərin 86%-i yaxın 6 ayda kredit müəssisələrinə müraciət etməyi planlaşdırmadığını deyib.

Hazırda krediti olan sorğu iştirakçılarının 72%-i borcu bağlamaqda çətinlik çəkmədiyini vurğulayıb.

Respondentlərin 22%-i isə kredit ödəməkdə çətinlik çəkdiyini deyib.

Sorğuya qatılan rusiyalıların 75%-i kredit borcunu maaşı, 24%-i isə pensiya hesabına ödədiyini açıqlayıb.

Respondentlərin 6%-i kredit borcunu fərdi sahibkarlıq və ya biznesdən əldə etdikləri gəlir hesabına ödəyir.

Sorğu 2017-ci ilin 13-15 noyabrında 1800 nəfər arasında aparılıb.