Daha bir Türkiyə istehsalı olan tərəvəz sanksiyaya məruz qalıb.

Ötən ilin noyabr ayında Suriya ilə sərhəddə hərbi təyyarənin vurulmasından sonra münasibətləri pisləşən Rusiya-Türkiyə arasında yeni sanksiya. ANS PRESS-in məlumatına görə, daha bir türk məhsulu sanksiya siyahısına düşür.

Mətbuatda yer alan məlumata görə, Türkiyədə yetişdirilən kahının birbaşa və ya üçüncü ölkədən keçməklə Rusiyaya girişi qadağan edilir.

Rusiyanın Türkiyəyə sanksiyalar tətbiq etməsi iki ölkə arasında münasibətlərin pozulmasından sonra olub. Münasibətlər isə noyabrın 24-də Türkiyə qırıcı təyyarəsinin Rusiyaya məxsus Su-24 təyyarəsini vurmasından sonra korlanıb.

Türkiyə tərəfi bunu ölkənin hava məkanının pozulduğu üçün etdiyini desə də Rusiya tərəfi bu iddiaları rədd edir. Bundan başqa, Rusiya Türkiyənin bu addımını “arxadan vurulan zərbə” adlandırır.

Bu hadisədən sonra iki ölkə arasında münasibətlər gərginləşib. Bu il yanvarın 1-dən Rusiya Türkiyədən bir sıra məhsulların idxalına qadağa qoyub, çarter reyslərini ləvğ edib, eyni zamanda, birtərəfli qaydada vizasız rejimin fəaliyyətini dayandırıb. Rusiya həmçinin öz vətəndaşlarına şirkətlərinə türk vətəndaşlarını işə götürməyi də qadağan edib.

Siyahıya ət məhsulları, təzə və soyudulmuş tərəvəzlər (pomidor, soğan, gül kələm və brokkoli, xiyar və s), təzə və qurudulmuş meyvələr (portağal, mandarin, klementina, sitrus, təzə alma, armud, ərik, şaftalı, nektarin, gavalı, göyəm və s.) həmçinin duz və sairə daxil olub.

Lakin bir məhsul – limon siyahıdan kənar qalıb. Qadağan olunmuş məhsullar siyahısına limon salınmayıb. Türkiyənin limon ixrac etdiyi ölkələr siyahısının ilk pilləsində Rusiya durur. Ötən il Türkiyədən Rusiyaya 90 min ton limon ixrac olunub.