Rusiya Ehtiyat Fondunun aktivləri 2016-cı ilin avqust ayında 18,4% azalaraq 2,09 trln. rubla (32,1 mlrd. ABŞ dolları) düşüb. “RİA Novosti”-nin verdiyi xəbərə görə, bu barədə məlumat Rusiya Maliyyə Nazirliyi tərəfindən verilib.
Hesabat dövründə Rusiya Milli Rifah Fondunun aktivləri 2,5% azalaraq 4,719 trln. rubla (72,6 mlrd. dollar) geriləyib.
Xatırladaq ki, Maliyyə Nazirliyi avqust ayında bu il artıq 3-cü dəfə Ehtiyat Fondundan büdcə kəsirinin maliyyələşdirilməsi üçün 390 mlrd. rubl (6 mlrd. dollar) vəsait köçürüb.
Rusiya Maliyyə Nazirliyinin hesabatına əsasən, 2016-cı ildə büdcə gəlirləri 2015-ci illə müqayisədə 8% azalacaq, inflyasiya nəzərə alınmaqla isə azalma real olaraq 15% təşkil edəcək. Büdcə gəlirləri planlaşdırılandan 1,2 trln. rubl və ya 18,5 mlrd. dollar az olacaq. Maliyyə Nazirliyinin proqnozuna görə, büdcə gəlirləri ancaq 2018-ci ildən etibarən artmağa başlayacaq və bu artım inflyasiya sürətindən geri qalacaq. Nəticədə, büdcə gəlirlərinin 2015-ci illə müqayisədə real ifadədə 25% azalacağı gözlənilir.
report