Dolların bahalaşması avtomobillərin qiymətləri ilə yanaşı ehtiyat hissələrinin və servis xərclərinin artmasına səbəb olub.  Bəzi rəsmi dillerlə  ehtiyat hissələrini bahalaşdırsa da, servis qiymətlərini qaldırmayıb. Bəzi servislər isə həm ehtiyat hissələrin, həm də xidmətlərin qiymətlərini artırıb.

70 manatlıq yağdəyişmə indi 85 manat olub

“Hyundai Avtoservis” artıq qiymətlərin artıdığı bildirir. Servisdən fins.az-a verilən məlumata görə, xidmətlərdə 20%-ə yaxın artım var. Məsələn, əvvəl 2015-ci il model 2.4 l həcmli “Hyundai Sonata” üçün yağdəyişmə 70 manat idisə, hazırda bu xidməti göstərmək  85 manat təşkil edir. “Accent” və “Elantra” modellərində yağdəyişmə isə 60 manatdan 70 manata kimi bahalaşıb.

“Kia”ların ehtiyat hissələri 30-40% bahalaşıb

“KİA Servis” də ehtiyat hissələrinin bahalaşdığını etiraf edib. Servisdən fins.az-a verilən məlumata görə, hazırda xidmətlərə görə 10 % endirim edilsə də,  ehtiyat hissələri 30-40 % bahalaşıb. Hazırda anbarda olan ehtiyat hissələri də yeni qiymətlə satılır. Məsələn, əvvəl 70 manata satılan “Kia Serato” avtomobilinin ön təkərlər üçün tormoz astarları  hazırda 101 manatdır.  Amortizatorlar da 30% manat bahalaşıb. Məsələn, “KİA Optima” modelinin amortizatorları 125 manat idisə, indi 162,50 manata satılır. Yağ filtiri 4 manatdan 5 manata kimi,lampalar 9 manatdan 12 manata kimi bahalaşıb. Servisdən bildirirlər ki, dolların bahalaşmasından sonra satışlar 50 % aşağı düşüb.

“Toyota”ların ehtiyat hissələri 25 % bahalaşdı

“Toyota Bakı Mərkəzi” də servis qiymətlərini qaldırmasa da, ehtiyat hissələrini bahalaşdırıb.  Şirkətdən fins.az-a verilən məlumata görə, ümumilikdə bütün ehtiyat hissələri 25 % bahalaşıb. Ehtiyat hissələri mağazasında bildirilib ki, mühərrik yağları 8,50 manatdan 10 manata kimi, yağ filtiri  isə 7,50 manatdan 10 manata kimi bahalaşıb.

“Nurgün Motors”hələlik  köhnə qiymətlərlə işləyir

“Nurgün Motors” şirkətindən  isə digərlərindən fərqli olaraq hələlik bahalaşmadığını deyir.  Şirkətdən fins.az-a verilən məlumata görə, hazırda anbarda olan ehtiyat hissələrinin köhnə qiymətlə satışı davam edir. Bundan əlavə servis qiymətləri də artırılmayıb.

Mənbə:Fins.az