Dünyada böyük bank və maliyyə xidmətləri təşkilatlarından biri olan HSBC, ABŞ dolları/Türk Lirəsi (TL) məzənnəsinin 2024-cü ilin sonuna qədər mülayim artımla 33 lirəyə çatacağını nəzərdə tutur. Hazırda Dollar/TL məzənnəsi 29,78 lirəyə bərabərdir.

Marja.az xəbər verir ki, HSBC strateqləri bildirib: “Lirənin ucuzlaşmasına nəzarət strategiyası işləyir, pul siyasəti  “FX carry”ni dəstəkləyərkən, dollarlaşmanı məhdudlaşdırır və makroiqtisadi sabitləşməyə kömək edir”.

Strateqlər, 2023-cü ilin ortalarından başlayaraq geniş miqyaslı faiz artımı nəticəsində “carry” dinamikasının lirənin xeyrinə çevrildiyini bildiriblər.

HSBC strateqləri aşağıdakı qiymətləndirməni ediblər:

“Lirə əmanətləri üzrə ödənilən faizlər güclü yüksəlib. Real olaraq bu əmanətlərin gəliri hələ də mənfidir, lakin dinamika lirə üçün açıq şəkildə daha müsbətə çevrilib. Lirə əmanətlərinin cəlbediciliyi 2024-cü ildə ilin ikinci yarısında dezinflyasiya ilə daha da arta bilər. Lirə üçün real faiz tendensiyası diqqət mərkəzində olacaq. Kreditlərin artıması yavaşladıqca, daxili tələb böyük ehtimalla zəifləyəcək və cari əməliyyatlar kəsiri azalacaq. Bu, lirənin daha az kövrək olmasını təmin edəcək”.