Qazaxıstan dünən, mayın 25-də Vyanadakı toplantıda müddəti uzadılan OPEC anlaşmasının şərtlərini yerinə yetirməyə davam edəcək, amma noyabr ayında öhdəliklərinə yenidən baxa bilər. “Report” “Interfax” agenliyinə istinadən xəbər verir ki, bu xəbəri Qazaxıstan Energetika Nazirliyi yayıb.
Xəbərdə bildirilib ki, “Qazaxıstan neft hasilatının azaldılması anlaşması çərçivəsində 20 min barel/gün hasilat kəsintisi öhdəliyinə əməl etməyə davam edəcək. Lakin, 2017-ci ilin noyabr ayında qlobal neft bazarı konyunkturası nəzərə alınaraq öhdəlik üzrə şərtlərə yenidən baxa bilər”.
Nazirliyin xəbərində həmçinin qeyd olunub ki, istənilən halda Qazaxıstan qərarı birtərəfli qəbul etməyəcək və digər neft ölkələri ilə yeni şərtləri müzakirə edəcək.
Qeyd edək ki, hazırda Qazaxıstan 1,673 mln. barel/gün neft hasilatına malikdir. Mayın 15-də Qazaxıstanın energetika naziri K.Bozumbayev bildirib ki, 2016-cı ildə Qazaxıstanda “Kaşaqan” yatağı istismara verilib və bu il orada əsas hasilat başlayacaq: “Buna görə də Qazaxıstan hasilatın azaldılması ilə bağlı yeni anlaşmaya əvvəlki şərtlərlə qoşula bilməyəcək. Biz bu məsələni sammitdə müzakirə edəcəyik”.