Danimarka qaçqınların yerləşdirilməsi xərclərinin ödənməsi üçün sərhəddə onların zinət əşyalarını almağı planlaşdırır. Bircə bəxt üzüklərinə icazə veriləcək. Bu barədə «The Daily Beast» saytı yazır.

Bu günlərdə Danimarka parlamenti məsələni müzakirəyə çıxarıb. Sərhəd polisinə icazə vermək istəyirlər ki, ölkəyə girmək istəyən qaçqınlardan bütün dəyərli əşyalar və 300 avrodan artıq pulları varsa, alınsın. Məqsəd onların yerləşdirilməsi xərclərini qarşılamaqdır.

Müəyyən müzakirədən sonra hökumət qərara alıb ki, qaçqınlara bəxt üzüklərini, mobil telefonlarını və laptoplarını saxlamağa icazə verilsin. Məsələ səsverməyə çıxarılacaq. Ancaq bir deputat təkid edib ki, müəyyən karatdan artıq brilyantı olan üzüklər də alınsın.

«Sentimental hisslərlə bağlı olmayan, ciddi dəyər daşıyan əşyalardan söhbət gedir. Tutaq ki, bir nəfər bir çamadan brilyantla gəlir və Danimarkada sığınacaq istəyir. Bu halda ədalətli addımdır», – Danimarkanın immiqrasiya naziri Sören Pind yerli televiziyalardan birinə deyib.

Müəllif yazır ki, bu, oğurluğun normal sayıldığı dünyada ədalətli olardı. Sual doğur ki, Avropa ölkələrindən bəziləri nasist yanaşmasına qayıtmırlar ki? Axı o zaman da zinət əşyalarının müsadirəsi normal sayılırdı.

Danimarka bildirir ki, Avropa standartlarına əməl etməyəcək, ölkədə sığınacaq istəyən 13 min qaçqın elə çadır düşərgələrində yaşayacaq, ailələrin qovuşması üçün qoyulmuş müddət də üç dəfə artırılacaq.

Ancaq yerli sakinlərin heç də hamısı hökumətin planıyla razılaşmır. Yaşıllar Partiyasının lideri Uffe Elbaek Facebook səhifəsində yazıb ki, Danimarkanın qapısını varlı qaçqınlar döyməyəcək: «Bir çamadan brilyantın varsa, Aralıq dənizindən keçən riskli marşrutu deyil, daha yaxşı nəqliyyat vasitəsi seçəcəksən. Qaçqınların üzərində bir neçə şəxsi əşyadan başqa heç nə olmur. Doğrudanmı bunları qaçqınlardan almaq istəyirik? Bilmirəm gülüm, ya ağlayım».

(Azadlıq.org)