Fransada pensiya islahatlarına qarşı tətil və nümayişlər yenidən başlanıb. İyunun 6-na elan edilmiş etiraz nümayişinin ölkə həyatını yenidən iflic edəcəyi gözlənilir.
AZƏRTAC xəbər verir ki, Mülki Aviasiya Baş İdarəsi bir çox uçuşların ləğv ediləcəyini bildirib. Paris-Orli hava limanında iyunun 6-na nəzərdə tutulan hər üç uçuşdan biri ləğv edilib. Həmçinin Lion, Marsel, Nitsa, Tuluz, Bordo, Nant şəhərlərində uçuşların ləğv edilməsinin böyük narahatlıq yaradacağı qeyd edilir. Bildirilir ki, uçuşlar dispetçerlərin pensiya islahatlarına qarşı tətilə qatıldıqları üçün ləğv olunub.
Fransada 8 həmkarlar ittifaqı və 5 gənclər təşkilatı iyunun 6-da ölkədə ümumi etiraz nümayişinə çağırış edib. Yeni ümumi etiraz nümayişi Liot qrupunun təqdim etdiyi və hökumətin və prezident çoxluğunun konstitusiyaya zidd hesab etdiyi islahatın ləğvini nəzərdə tutan qanun layihəsinin parlamentdə baxılmasından iki gün əvvəl keçiriləcək.