Səudiyyə Ərəbistanının (“Saudi Aramco” şirkətinin – red.) neft potensialının genişləndirilməsi planlarını təxirə salmaq qərarı xam neftə tələbatın azaldığının qiymətləndirilməsi kimi şərh edilməməlidir.
“APA-Economics” xəbər verir ki, bunu “Reuters“a açıqlamasında Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays bildirib.
“İlk növbədə aydınlıq gətirmək istəyirəm ki, Səudiyyə Ərəbistanının qərarını şərh edə bilmərəm. Lakin bu, heç bir şəkildə tələbin azaldığına dair bir fikir kimi yanlış anlaşılmamalıdır”, – Baş katib qeyd edib.
Qeyd edək ki, “Saudi Aramco” 1933-cü ildə əsası qoyulmuş Səudiyyə Ərəbistanının milli neft-qaz şirkətidir. Şirkət üç əsas qlobal enerji bazarında – Asiya, Avropa və Şimali Amerikada təmsil olunub.
Xatırladaq ki, cari ilin fevral ayının əvvəlində “Saudi Aramco” ölkənin Energetika Nazirliyindən direktiv aldıqdan sonra maksimum saxlanılan neft hasilat gücünü sutkada 12 mln. barel səviyyəsində saxlayacağını və 2027-ci il üçün onu planlaşdırılan 13 mln. barel səviyyəsinə qaldırmayacağını elan edib.