Rəşad Həsənov: “Azərbaycanda vergi yükü digər ölkələrlə müqayisədə yüksəkdir”

Hazırda Azərbaycan iqtisadiyyatı qarşısında duran əsas məqsədlərdən biri də ölkəyə xarici investisiya cəlb etmək və ölkədən valyuta axınının qarşısını almaqdır. Çünki neft gəlirlərinin ötən illərlə müqayisədə azaldığı bir dövrdə iqtisadiyyatın valyutaya ehtiyacı var. Bəs görəsən, bu ilin tendensiyası necədir? Ölkəyə daxil olan investisiyanın həcmində artım varmı?

İqtisadçı ekspert Rəşad Həsənov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, 2015-ci ildən başlayaraq Azərbaycan iqtisadiyyatında əsas kapitala yönəldilən investisiyaların həcmində azalma müşahidə olunur: “2015-ci illə müqayisədə 2016-cı ildə 30 faizdən çox azalma baş verib. 2017-ci ilin 9 ayı ərzində ölkə  iqtisadiyyatı və əsas kapitala 11,1 milyard manat həcmində investisiya yatırılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 1 faiz aşağı göstəricidir.  Bu vəsaitin 41, 7 faizi  qeyri-neft sektoruna yönəldilib. Müsbət trendlərdən biri də ondan ibarətdir ki, əvvəlki illərlə müqayisədə qeyri-neft iqtisadiyyatına yönəldilən vəsaitlərin həcmində müəyyən qədər artım baş verib.  Bu ötən illə müqayisədə qeyri-neft sektoruna əsas kapitala yönəldilən investisiyaların həcmində 13,8 faiz artım baş verib. Ümumi investisiyaların isə 14,1 faizi büdcədən kənar fondlar hesabına formalaşıb.

Birbaşa investisiyalara gəlincə, bununla bağlı bizə məlum olan, sadəcə,  II rübün sonuna olan məlumatlardır. Belə ki, Mərkəzi Bank tədiyyə balansının strukturuna uyğun olaraq, sentyabr hesabatında yalnız II rübün göstəricilərini açıqlayıb. Bu göstəricilərə görə, ölkə iqtisadiyyatına 1,5 milyard dollar həcmində birbaşa xarici investisiya yatırılıb, birbaşa xaricdən investisiya cəlb olunub. Bunun  müqabilində ölkədən xarici fərqli iqtisadiyyatlara 504 milyon dollar həcmində investisiya çıxıb. Burada maraqlı məqamlardan  biri ondan ibarətdir ki, ölkəyə yatırılan investisiyalardan əldə olunan gəlirlər investisiyanın mənbəyi olan ölkələrə daşınır. Bu məqsədlə 750 milyon ABŞ dolları həcmində vəsait ölkədən çıxıb. Bu da ölkəyə daxil olan və ölkədən çıxan  investisiya mənşəli vəsaitlər arasında fərqi daha da azaldır”.

İqtisadçının sözlərinə görə, ölkəyə daxil olan portfel investisiyalarında da ciddi artım yoxdur: “Əksinə, Azərbaycandan çıxan investisiyaların həcmi daha çoxdur. Ölkədən 490 milyon ABŞ dolları həcmində portfel investisiya formasında vəsait axını baş verib. Bunun əvəzində ölkəyə 340 milyon ABŞ dolları həcmində vəsait daxil olub. Burada ölkənin zərərinə təxminən 25 faizdən artıq bir fərq var”.

R.Həsənovun fikrincə, Azərbaycandan xaricə valyuta  axınının səbəbi odur ki, bizim iqtisadiyyat işlənməmiş, xam iqtisadiyyatdır: “Burada həm istehsala  investisiyaların qoyulması, həmçinin xidmət sektoruna investisiyaların yatırılması əslində əlverişli şərait yaradır ki, azərbaycanlı  sahibkar öz vəsaitlərini daxili bazarda işlədə bilsin. Ancaq təəssüflə ki, bəzi hallarda yerli investorlar müxtəlif   səbəblərdən bu vəsaitləri xarici ölkələrdə işlətməyə üstünlük verirlər. Burada  vergi siyasəti ilə bağlı olan faktor da var.  Belə ki, Azərbaycandan  investisiya axınının yönəldiyi ölkələrlə müqayisə etdikdə görürük ki, bizdə vergi yükü  kifayət qədər yüksəkdir. Dünya Bankının hesabatlarından da məlum olur ki, 2017-ci il üçün Azərbaycanda vergi yükü 39, 6 faizdir. Amma azərbaycanlıların daha çox üz tutduğu iqtisadiyyatlardan biri olan Gürcüstanda bu göstərici 16 faizdir. Bu da yerli investorların xaricə yatırım etməsini təşviq edən məqamlardan biridir. Azərbaycan  hökuməti bu istiqamətdə daha konkret addımlar atmalıdır. Müxtəlif layihələr çərçivəsində investorun təşviqi sənədinin verilməsi istiqamətində müəyyən güzəştlər edilməlidir. Sənaye məhəllələrində, texnoparklarda, aqroparklarda investisiya edənlər üçün müəyyən vergi güzəştləri nəzərdə tutulur. Eyni zamanda idxalla bağlı rüsumlardan azad etmə və güzəşt nəzərdə tutulur. Ancaq bütövlükdə  Azərbaycanda vergi yükü digər ölkələrlə müqayisədə yüksəkdir. Dünyanın ən inkişaf etmiş iqtisadiyyatlarından biri olan Birləşmiş Krallıq iqtisadiyyatında vergi yükü cəmi 31 faizdir. Halbuki bu kimi iqtisadiyyatlarda daha çox radikal kapitalizmin hökm sürdüyü iqtisadiyyatlar hesab olunur. Ancaq görürük ki, bu iqtisadiyyatlarda belə vergi yükü aşağıdır. Maraqlı məqamlardan biri də odur ki, Gürcüstan kimi heç bir  təbii sərvəti olmayan ölkə Azərbaycandan daha aşağı vergi tətbiq edir. Halbuki Azərbaycanda dövlət gəlirlərinin, ictimai gəlirlərin böyük bir qismini resurslar hesabına kompensasiya edir. Bu da imkan  yaradır ki, Azərbaycan daha liberal vergi siyasəti həyata keçirsin”.

Ekspert vurğuladı ki, məhz sonuncu faktın özü ölkəyə daxil olan xarici investisiyaların həcminə mənfi təsir göstərir:“Həmçinin ölkədən çıxan investisiyanı daha da sürətləndirir. Bu da son nəticədə bizim qeyd etdiyimiz göstəricilərin yaranmasına gətirib çıxarır. Digər maraqlı məqamlardan biri ondan ibarətdir ki, əsas kapitala sərmayə qoyuluşlarının 60 faizi xaricdən cəlb olunan vəsaitlər hesabına təmin olunur. Lakin bu vəsaitlərin böyük bir qismi neft  sektoruna yönəlmiş vəsaitlərdir. Bunun qeyri-neft iqtisadiyyatının inkişafına, iqtisadi diversifikasiyanın sürətləndirməsinə təsirləri zəif qiymətləndirilir.  Azərbaycan bu istiqamətdə daha konkret kriteriyaların təsdiq edildiyi siyasət həyata keçirilməlidir. Biznes mühitinin  və vergi siyasətinin liberallaşması kimi… Bunlar yol xəritələrində nəzərdə tutulub. Lakin görünən odur ki, hazırda daha radikal qərarların qəbul olunmasına ehtiyac var”.