Yeni maliyyə ilinin əvvəlində zəif nəticələrlə yadda qalan “Nike” investorlardan səbirli olmalarını xahiş edib.
AZƏRTAC xəbər verir ki, cari ilin birinci rübündə şirkətin xalis mənfəəti 28 faiz azalaraq 1,1 milyard dollara enib. Eyni zamanda, satışlar 10 faiz azalaraq 11,6 milyard dollar təşkil edib. Dünyanın ən böyük idman malları istehsalçısı daha əvvəl satışlarının təxminən beş faiz azalacağını proqnozlaşdırırdı. Son hərracda isə şirkətin səhmləri 2,5 faiz dəyər itirib.
Oktyabrın ortalarında “Nike”nin ümid bağladığı Elliott Hill şirkətin icraçı direktoru postunda Con Danahonu əvəzləyəcək. Lakin şirkətin analitikləri ikinci rübdə də satışların 8-10 faiz azalacağını proqnozlaşdırır. İş yerlərinin ixtisarı və az satılan məhsulların çeşiddən çıxarılması kimi qənaət tədbirlərinin yaxın perspektivdə vəziyyəti düzəldəcəyi ilə bağlı ehtimallar zəifdir.