Dünya bazarında neft qiymətləri əvvəlki sessiyadakı enişdən sonra cümə günü səhər yenidən yüksəlib, investorlar ABŞ-ın neft ehtiyatları ilə bağlı məlumatları dəyərləndirir.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, Londondakı “ICE Futures” birjasında “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 1 barelə görə 77,99 ABŞ dolları təşkil edib. Bu, əvvəlki sessiyanın bağlanışı ilə müqayisədə 0,4 dollar (0,52 %) çoxdur.
Nyu Yorkun əmtəə birjasında (NYMEX) keçirilən elektron ticarət əməliyyatlarının gedişində fevral ayı üçün WTI markalı neftinin fyuçerslərinin kotirovkaları 0,54 ABŞ dolları (0,75%) artaraq 1 barelə görə 72,73 dollar təşkil edib.
Xatırladaq ki, ABŞ Energetika Nazirliyinin cümə axşamı verdiyi məlumata görə, ölkədə kommersiya məqsədli neft ehtiyatları dekabrın 29-da bitən həftədə 5,5 milyon barel azalıb. “Trading Economics”in istinad etdiyi ekspertlərin konsensus proqnozu daha az azalmanı (3,73 milyon barel) nəzərdə tuturdu.
Keçən həftə benzin ehtiyatları 10,9 milyon barel, distillatların ehtiyatı isə 10,09 milyon barel artıb və bu, yanacaq tələbi ilə bağlı narahatlıqları gücləndirib, nəticədə də neft bazarına təzyiq göstərib.