Bu gün Avstriyanın paytaxtı Viyanada Neft İxrac edən Ölkələr Birliyinin (OPEC) yığıncağı başlayacaq.

 

“Marja” xəbər verir ki, sabah isə 14 üzvlü OPEC ilə bərabər OPEC-ə üzv olmayan 10 ölkənin birgə yığıncağı keçiriləcək. OPEC-ə Səudiyyə Ərəbistanı, OPEC-ə üzv olmayan müttəfiqlərinə isə Rusiya başçılıq edir.

Yığıncaqdan əvvəl qarışıq mesajlar verilib, hazırda bazarlarda qeyri-müəyyənlik hakimdir. Digər tərəfdən mütəxəssislər fərqli proqnozlar dilə gətirirlər.
Mütəxəssislərdən bəziləri təşkilatın və tərəfdaşlarının neft hasilatının azaldılması razılaşmasında müddətin uzadılacağını gözləyirlər, bəziləri isə neft istehsalının azaldılması miqdarının artırılacağını təxmin edir. OPEC və tərəfdaşlarının 2020-ci ilin Mart ayının sonunadək gündəlik hasilatın 1,2 milyon barel azaldıması barədə razılaşmaları mövcuddur.

 

OPEC və müttəfiqlərinin 2018-ci ilin dekabr ayında qərar verdikləri gündəlik xam neft istehsalının 1,2 milyon barel azaldılması tədbirinin 2020-ci ilin İyun ayına qədər uzadılacağına daha böyük ehtimal verilir. Bunun neft qiymətlərini dəstəkləməyə davam edəcəyi qeyd edilir.

 

Təşkilatın və müttəfiqlərinin (OPEC+) gündəlik xam neft istehsalını əlavə 1 milyon barel aşağı salması lazım olduğunu qeyd edən bəzi mütəxəssislər isə neft qiymətlərinin ancaq bu şəkildə dəstəklənə biləcəyini iddia edirlər.