Dövlət Neft Fondu daşınmaz əmlak portfelinin həcmini və gəlirliyini açıqlayıb.
Publika.az fondun 2015-ci ilə dair illik hesabatına istinadən xəbər verir ki, 2015-ci ilin avqust ayında ARDNF Tokionun ən məşhur ticarət ərazisi sayılan Çou avenyuda yerləşən Kirarito Ginza ticarət tipli daşınmaz əmlakının 98% hissələrini alıb. Binanın satıcısı qismində “GK John SPC” çıxış edib və alış qiyməti 52,3 milyard yen olub. Daşınmaz əmlakın qalan 2%- nin sahibi və həm də binanın idarəetmə şirkəti “Mitsubishi UFJ Trust and Banking Corporation”dur. 2015-ci ilin sonuna ARDNF-in daşınmaz əmlak portfeli London, Paris, Moskva, Seul və Tokio şəhərlərində yerləşən 5 aktivdən ibarət olub.
2015-ci ildə qeyd olunan aktivlər üzrə illik icarə gəlirlərinə gəlincə, fonddan bildirilir ki, Londonun Seynt Ceyms 78 ünvanında yerləşən ofis kompleksinin icarəsindən gəliri 9 mln. 648 min 48 ingilis funt sterlinqi və ya 19 mln. 896 min 204 manata bərabər olub.
Fransanın paytaxtı Paris şəhərinin Vandom meydanı 8 ünvanında yerləşən ofis və ticarət obyektlərindən ibarət olan daşınmaz əmlak kompleksinin icarəsindən 5 mln. 860 min 400 avro və ya 10 mln. 15 min 423 manat gəlir əldə edib. Eləcə də ARDNF Moskvadakı Tverskaya 16 (Qalereya Aktyor binası) ünvanındakı binanın icarəsindən 349 659 436 rubl, Seuldakı “Payn Avenyu Tauer A qülləsi” ofis kompleksinin icarəsindən 31 071 645 406 Koreya vonu, Tokiodakı Kirarito Ginza ticarət obyektinin icarəsindən 722 169 920 yapon yeni qazanıb.
2015-ci ildə Qalereya Aktyor binasının ticarət mərkəzi hissəsinin yenidən qurulması prosesi davam etdirilib. Yenidənqurma işləri nəticəsində icarə gəlirlərində azalmaları və kapital xərclərində artımı nəzərə alaraq, 2015-ci ildə xalis gəlirlilik 2014-cü ilə nisbətən aşağı olub. 2015-ci ildə ARDNF-nin törəmə şirkəti olan Tverskaya 16 OAO və dünyanın məşhur şirkətlərindən biri arasında Qalereya Aktyor binasının ticarət mərkəzi hissəsinin istifadəsi üzrə uzunmüddətli icarə müqaviləsi bağlanıb. Şirkət binanın ticarət mərkəzi hissəsində yenidənqurma işləri tamamlandıqdan sonra – 2017-ci ilin mart ayından başlayaraq istifadə edəcək.
Ötən ilin sonunda portfeldə yer alan aktivlər müstəqil qiymətləndirmə şirkətləri tərəfindən qiymətləndirilib. Məlum olub ki, London 78 Seynt Ceyms küçəsi “Knight Frank LLP” – 217 000 000 ingilis funt sterlinqi, Paris Vendom Meydanı 8 “BNP Paribas Real Estate” 164 610 000 avro dəyərində, Moskva Tverskaya 16 (Qalereya Aktyor binası) “Cushman & Wakefield” 5 400 000 000 rubl dəyərindədir. Seul, Payn Avenyu Tauer A. “Kyungil Appraisal” 492 100 000 000 Koreya vonu dəyərində, Tokio, Kirarito Ginza “Daiwa Real Estate Appraisal” 52 600 000 000 yapon yeni dəyərində qiymətləndirilib.