Marketlərdə süni mal qıtlığı və sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət gücləndirib.

İqtisadiyyat və Sənaye Nazirliyi dolların məzənnəsinin kəskin artımı, manatın ucuzlaşması fonunda qiymət artımı ilə bağlı məlumat yayaıb.

Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr tarixində manatın idarəolunan üzən məzənnə rejiminə keçirilməsi barədə qərar qəbul edib.

Bununla əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında məzənnə dəyişikliyi ilə bağlı olmayan qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət tədbirləri gücləndirib.

Dövlət Xidməti istehlak bazarında baş verən dəyişiklikləri diqqətlə təhlil edir və manatın məzənnəsinin dəyişməsindən sui-istifadə hallarına rast gəlindiyi təqdirdə, qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq, tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib.

Bu qərara əsasən manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.


Bakıda valyutadəyişmə məntəqəsi

Qeyd edək ki, ötən gün səhər bu barədə qərar açıqlandıqdan sonra əsl ajiotaj yaşanıb. Belə ki, əllərində pul olanlar valyuta dəyişmə məntəqələrinə axın ediblər. Çox insan isə bahalaşma olacağından qısa müddətli ərzaq ehtiyatı görmək üçün marketlərə üz tutub. Təssüf ki, bir çox işbazlar fürsətdən istifadə edərək süni qiymət artımına yol verib, piştaxtalarda olan məhsulları yığışdırıblar.(ANSPRESS)