“Təəssüf ki, Azərbaycan maliyyə bazarında fəaliyyət göstərən banklar işlərində baş verən uğursuzluqları gizlədirlər. Bu isə daha böyük fəsadlara səbəb olur”.

Report xəbər verir ki, bunu “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində AMEA-nın İKT institutunda keçirilən tədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) rəisi Faiq Fərmanov deyib.

F.Fərmanovun sözlərinə görə, ETX-nin qaynar xəttinə və elektron poçtuna daxil olan müraciətlərin əksər hissəsi saxta sosial şəbəkə hesabları ilə bağlıdır. “Hazırda müraciətlərin 32%-i bu məsələlərlə, 31%-i istifadəçilərə məxsus sosial şəbəkə hesablarının oğurlanması, 24%-i isə internet informasiya ehtiyatında qanunla qadağan edilmiş informasiyanın yerləşdirilməsi ilə bağlıdır. Müraciətlərin qalan hissəsi isə istifadəçiyə məxsus kompyuter və mobil qurğuların zərərvericilərə yoluxması və Wi-Fi təhlükəsizliyi ilə bağlıdır”, – ETX-nin rəisi bildirib.