“Nağdsız hesablaşmalar haqqında” qanunun tətbiqi öz səmərəli nəticəsini verir”.

 

APA-Economics”in məlumatına görə, bunu vergilər nazirinin müavini İlkin Vəliyev deyib. Onun sözlərinə görə, qanunun tətbiqi  nəticəsində iqtisadiyyatın bütün sahələrində nağdsız ödənişlərin dövriyyəsinin artmasına, xərclərin şəffaflığının təmin edilməsinə, gəlirlərin, əmək haqlarının və digər ödənişlərin leqallaşmasına və digər iqtisadi göstəricilərinin yüksəlməsinə şərait yaranıb.

 

“Bu isə vergi ödəyiciləri tərəfindən vergilərin düzgün hesablanıb ödənilməsi, vergidən yayınma hallarının azalması və vergi sahəsində şəffaflığın artmasına səbəb olub. Konkret rəqəmlərə müraciət edək. Məsələn, cari ilin bitən dövrü ərzində mal, iş və xidmətlərin alınmasına görə nağd pul məxarici 62,6 faiz, ticarət müəssisələri üzrə 67,5 faiz, əmək haqqı və digər ödənişlər üzrə 75,3 faiz azalıb. Qanunun gələcək tətbiqi qeyd etdiyim sahələrdə səmərəliliyin daha da artmasına imkan yaradacaq”, – deyə nazir müavini vurğulayıb.