“Virusun yayılmasında nağd pulun rolu çoxdur”.

“MediaPost” xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu deyib. Onun sözlərinə görə, hazırda ölkədə koronavirusun sürətlə yayılmasının bir səbəbi də tədavüldə nağd pul kütləsinin çoxluğudur:

Pandemiya göstərdi ki, Azərbaycanda əhali əsasən nağd əməliyyatlara üstünlük verir. Hazırda ölkədə koronavirusun sürətlə yayılmasının bir səbəbi də tədavüldə nağd pul kütləsinin çoxluğudur. Belə ki, dükanlarda və restoranlarda nağd ödənişlər vasitəsilə pulların əldən-ələ keçməsi, virusun kütləviləşməsini şərtləndirir. Bir sözlə Azərbaycanda nağd manat virus daşıyıcına çevrilib. Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamalarına görə, bu ilin may ayının 1-ə dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti 80,5% təşkil edib. Həmin tarixə banklardan kənarda nağd pul (M0) kütləsi 8,705 milyard manat olub ki, bu da ötən ilin eyni dövrü və əvvəlki ayla müqayisədə artımı ifadə edir”.

Ekspertin sözlərinə görə, dünyada nəinki nağdsız, hətta mobil ödənişlərin geniş vüsət aldığı indiki dövrdə Azərbaycanda nağd pula sevginin yüksək olması, həm də bank idarəçiliyinin pis təşkilinin göstəricisidir: “Hesab edirəm ki, mövcud vəziyyətin yaranmasına, bank sisteminə və iqtisadiyyata rəhbərlik edənlər də məsuliyyət daşıyırlar. Çünki Azərbaycanda banklardan kənarda nağd pul dövriyyəsinin yüksək olması, həm də gizli iqtisadiyyatın miqyaslarının genişliyi ilə əlaqədadır. Odur ki, on illərdir ki, mövcud gizli iqtisadiyyat havadarları dövriyyədə nağd pulun azalmasında maraqlı olmayıblar.

Hazırkı durumu nəzərə alaraq bunları tövsiyə edərdim:

1) Mərkəzi Bank nağd pulların dezinfeksiyasını aparsın.
2) İstehlakçılar alış-veriş yerlərində, kafe və restoranlarda geri aldıqları nağd pul kütləsini xüsusi salofan paketlərdə və ya portmanatlarda saxlasın.
3) İmkanı olanlar ödənişlərini nağd manatla deyil, kartlarla POST-terminallar vasitəsilə, ən yaxşısı mobil bankçılıqdan istifadə etməklə internet üzərindən həyata keçirsin”.