Yaponiyanın tanınmış “Mitsubishi Electric” şirkətinin yeni texnologiyası sayəsində sərnişinlər ictimai nəqliyyatdan daha rahat istifadə edə biləcəklər.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, yeni texnologiyaların tətbiqi dəmir yolundan daha rahat istifadəyə şərait yaradacaq.

Həmin texnologiyalardan biri platformaya keçid üçün bilet terminallarının ləğv edilməsidir. Bu zaman sərnişinlərin nəqliyyat kartlarındakı məlumat stansiyanın döşəməsinə bərkidilən sistemə ötürüləcək. Bundan sonra sərnişinlər heç bir maneə ilə rastlaşmadan platformaya keçəcəklər.

Şirkət nümayəndələrinin bildirdiyinə görə, videomüşahidə kameralarındakı süni intellekt texnologiyası vaqona minmək və ya düşmək istəyən sərnişinləri də seçməyə imkan yaradacaq.

Mühəndislər ümid edirlər ki, stansiyalarda və qatarlarda yeni texnologiyaların tətbiqinə 2025-ci ildə başlanacaq.