“2016-cı ildə hökm sürən valyuta qıtlığı istər turizm üçün, istərsə də digər biznes sahələri üçün ağır zərbə olub. Əlavə olaraq, valyuta qıtlığı manata təzyiqi artırır, milli valyutaya etimadı sarsıdır. Bu baxımdan, qısamüddətli dövrdə Mərkəzi Bankın Neft Fondundan dəstək alması hazırda çıxılmazlıqdan doğan mümkün variantlardan biridir”.

Bu fikirləri iqtisadçı ekspert Rövşən Ağayev səsləndirib. Əlavə edib ki, milli valyutanın dəyərdən düşməsi və dolların məzənnəsinin yüksəlməsinin yaratdığı problemlər daha da dərinləşir. “Artıq ölkədə dollar qıtlığı ciddi şəkildə üzə çıxır. Belə görünür ki, hökumət manatın indiki səviyyədən daha artıq ucuzlaşmasını istər siyasi, istərsə də sosial və iqtisadi baxımdan təhlükə olduğu qənaətindədir”.

İqtisadçının fikrincə, hazırkı addım strateji olaraq o zaman iqtisadiyyat üçün faydalı olacaq ki, hökumət köklü bazar islahatları, idarəetmədə köklü dəyişikliklər etməyə hazırlığını nümayiş etdirəcək və buna vaxt itirmədən start verəcək.

“Biz 2017-ni zaman olaraq qazanacağıq, amma qarşıdakı illərdə bizim üçün daha böyük itkilər və sarsıntılar ola bilər. Bir halda ki, makroiqtisadi sabitlik üçün böyük həcmdə ehtiyatların qurban verilməsi qərara alınıb, Yaranmış situasiyadan islahatlar üçün maksimum yararlanmaq lazımdır”.

Bu qərardan sonra məzənnənin necə olacağına gəlincə, R.Ağayev deyib ki, manatın bundan sonrakı ucuzlaşması istər ev təsərrüfatlarına, istərsə də biznes sektoruna təhdidlər yaradır.

“Bundan artıq bahalaşma isə fiskal baxımdan hökumətin maraqlarına cavab vermir. Bu baxımdan, Mərkəzi Bank vasitəsilə valyuta dəstəyi mexanizmi hazırda formalaşan məzənnə ətrafında sabitləşməni hədəfə alıb”.

İqtisadçı Samir Əliyev isə Mərkəzi Bankın valyuta ehtiyatlarının ciddi dərəcədə tükəndiyini deyib. Onun sözlərinə görə, həmin ehtiyatlar dekabr ayında pisxoloji həddi keçərək 3 milyard 974,4 milyon dollara düşüb:

“Azalma 0,9 faiz olub. Bununla da bankın ehtiyatı 9 illik minimum həddə düşüb. Bankın ehtiyatı son dəfə 2008-ci ilin yanvarında 4 milyard dollardan aşağı olub. Bu azalma böyük ehtimalla onun tərkibinə daxil olan valyutaların dekabrda ucuzlaşması ilə bağlıdır. Ötən ilin dekabr ayında avro dollara nisbətən 0,9 faiz, ingilis funtu isə 1,5 faiz ucuzlaşıb” .

S.Əliyevin qənaətinə görə, valyuta ehtiyatlarının azalması bu il ərzində də davam edəcək: “Neft Fondundan Mərkəzi Banka 2017-ci ildə 4,2 milyard dollar ayrılması valyuta ehtiyatının azalmasını arxa plana keçirib. Çünki il ərzində gözlənilməz hal baş verməsə, Mərkəzi Bank bazarı ehtiyatları hesabına yox, Neft Fondunun transferti hesabına tənzimləyəcək. Güman ki, valyuta ehtiyatlarının il ərzində azalması daha çox məzənnə fərqi hesabına olacaq”.

Fins.az