Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının aprelin 1-nə rəsmi məzənnəsini 1,5238 AZN/USD səviyyəsində müəyyən edib. Qeyd edək ki, manat 21 dekabr devalvasiyasından sonra ilk dəfə olaraq dollar qarşısında bu həddə qədər möhkəmlənib. İndiki halda manat hansı həddə qədər ucuzlaşa bilər? İqtisadçı Natiq Cəfərli Modern.az saytına deyib ki, mövcud şəraitdə manatın möhkəmlənməsi üçün ciddi iqtisadi səbəb yoxdur: “Neftin qiymətinə, tədiyyə balansına, xarici ticarət dövriyyəsinə baxdıqda hər hansı müsbət irəliləyiş görünmür. ABŞ-ın Federal Ehtiyat Sisteminin (Federal Reserve System) başqanı Jannet Yellenin çıxışıdan sonra bütün dünyada dolların avro və digər valyutalara qarşı zəifləməsi müşahidə edilir. Manatın cüzi möhkəmlənməsinin yeganə səbəbi də məhz budur. Təsir cüzi olsa da, manatdan da yan keçmədi. Manatın hansı həddə qədər ucuzlaşa biləcəyi proqnozunu vermək çox çətindir. Çünki, Mərkəzi Bankın elan etdiyi “üzən məzənnə” sistemi Azərbaycanda yoxdur. Mərkəzi Bank inzibati qaydada manatın hansı səviyyədə düşməsini yaxud qalxmasını planlaşdırırsa, o da olacaq. Çünki, bunun iqtisadi əsasları yoxdur”. “Üzən məzənnə” və hər gün elan olunan rəsmi məzənnə təzadı Ümumilikdə “üzən məzənnə” sisteminə keçidin elan olunması və Mərkəzi Bankın hər dəfə növbəti gün üçün məzənnə elan etməsi ziddiyyət təşkil etmirmi? Ekspert dünya praktikasında belə halın müşahidə olunmadığını deyib: “Postsovet ölkələrindən başqa dünyanın heç yerində Mərkəzi Bank məzənnə elan etmir. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə məzənnəni birja müəyyən edir. Nə Britaniya Bankında, nə Avropa İnkişaf Bankında, nə də FES-də belə bir praktika var. Dəfələrlə qeyd etmişik ki, Azərbaycanda “üzən məzənnə”yə keçid üçün heç bir instutisional dəyişikliklər baş verməyib. Yüzlərlə, minlərlə şirkət olmalı, ölkəyə davamlı olaraq vəsait daxil olmalıdır ki, “üzən məzənnə”yə keçid təmin olunsun”. Manat dəyər qazanır, bəs qiymətlərə niyə təsir etmir?Maraqlıdır, hələ 2015-ci il 21 fevralda manatın ucuzlaşmasının səhəri günü bunun bazara, ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinə ciddi şəkildə təsirini gördük. 21 dekabr devalvasiyasını isə heç xatırlamağa ehtiyac da yoxdur. Çünki, onun meydana gətirdiyi fəsadlar hələ də davam edir. Bu zaman belə bir sual yaranır: Manat həqiqətən də möhkəmlənirsə niyə mal-məhsulun qiyməti dəyişmir? N.Cəfərli deyib ki, bunun cavabı çox sadədir: “Mərkəzi Bankın rəsmi məzənnəsindən əlavə real valyuta alış-verişi arasında fərq var. Bu gün əlinizdə olan manatı dəyişmək üçün hər hansı banka yaxınlaşsanız, məzənnənin Mərkəzi Bankın elan etdiyindən fərqli olduğunu görəcəksiniz. İxracatla məşğul olan şirkətlər də real məzənnə ilə işlədiklərindən gətirdikləri məhsulu real qiymətə uyğun təklif edirlər”.
İQTİSADİYYAT XƏBƏRLƏRİ
Manat bahalaşır, qiymətlər isə…
Tarix: 31.03.16 [17:36]
Oxunub: 133