Bu gün rəsmi USD/AZN məzənnəsi 1.5238 manat səviyyəsinə düşdü. Artıq banklar dolları 1.48 manatdan alırlar.

“Marja”nın məlumatına görə, indi dolların nə qədər düşə biləcəyi çoxlarını maraqlandırır. Çünki birinci və ikinci devalvasiyada, vəsitləri manatda olduğundan ziyana düşənlər pullarını dollara çevirmişdilər. Bu gün onlar dolların daha da ucuzlaşması nəticəsində yenidən zərərə düşə biləcəklərindən narahatdırlar. Digər tərəfdən, dolların ucuzlaşması banklara dollarda kredit borcu olanları sevindirir.

Azərbaycan Mərkəzi Bankı və sədri Elman Rüstəmov Manatın ikinci devalvasiyasından sonra bir sıra açıqlamalar vermişdir: Gəlin həmin açıqlamaları xatırlayaq:

Elman: Rüstəmov: “Məzənnə siyasəti yeni rejimin tələblərinə uyğun olaraq məzənnədə kəskin tərəddüdlərin hamarlanmasına yönələcək”.

Elman Rüstəmov: “Mərkəzi Bank bankları valyuta ilə təmin etmir, biz tənzimləyici rolunu oynayırıq, məqsədimiz üzən məzənnə şəraitində manatın məzənnəsinin kəskin dəyişməsinin qarşısını almaqdan ibarətdir”.

Mərkəzi Bank: “Mərkəzi Bankın məzənnə ilə bağlı hər hansı kəmiyyət hədəfi yoxdur. Mərkəzi Bankın əməliyyatları yalnız məzənnədəki kəskin tərəddüdlərin qarşısını almağa yönəldilmişdir”.

Açıqlamalar bunu deməyə əsas verir ki, manat daha da möhkəmlənərsə, Mərkəzi Bank müdaxilə edərək prosesin qarşısını alacaqdır. Mərkəzi Bank keçirilən hərracların sayını azalda, həmçinin hərraclardan dollar almağa başlaya bilər.