Mətbuatda Bakının mərkəzindəki mağazaların kütləvi şəkildə bağlandığı barədə məlumatlar verilir. Elə şəhərdə gəzərkən, üzərində “İcarəyə verilir” sözləri yazılmış boş obyektlərin artdığını da müşahidə etmək olur.
Əmlak bazarı üzrə ekspert Rəşad Əliyev “Marja”ya bildirib ki, mağazaların bağlanmasına Bakının mərkəzində avtomobillərin saxlanılmasının məhdudlaşdırılması və iri ticarət mərkəzlərinin istifadəyə verilməsi öz təsirini göstərib:
“Keçən ilin əvvəllərində tıxaclarla mübarizə ilə bağlı yol kənarında qanunsuz avtomobil saxlanması ilə bağlı mübarizə başlanmışdı. Nəticədə mərkəzdəki bir çox küçələrdə maşın saxlamaq olmurdu, bu isə həmin küçələrdə yerləşən mağazaların satış dövrüyyəsinə mənfi təsir etmişdir. Bəziləri bağlandı, bəziləri isə yeni yerlərə köçdü. Belə nəticə məntiqi haldır. Digər tərəfdən, mərkəzdə yeni obyektlərin tikintisi, yeni ticarət mərkəzlərinin açılması (ordakı icarədarlar göydən düşməyib, əksəriyyəti küçə ticarətindən gəlib) küçədəki ticarət obyektlərinə tələbatı azaltdı. Bir çox mağazalar ticarət mərkəzlərinə köçdü. Nəticə etibarı ilə, 2013 və 2014-cü ilin ortalarına kimi ticarət obyektlərinin icarə haqqları əvvəllki kimi qalxmırdı. Yəni 2014-cü ilin ortalarına kimi artıq Bakının bir çox küçələrində satışlarla bağlı böhran yaranırdı və bu əhalinin alıcılıq qabiliyyətinin artımı dövrünədə təsadüf edirdi. Eyni zamanda şəhərdə açılmış bəzi ticarət mərkəzləri özünü doğrultmadı (alıcıların cəlb edilməsi və yerləşmə baxımından ). Həmin mərkəzlərdə boş yerlərin olmasıda məntiqi məsələdir”.
Rəşad Əliyev əlavə edib ki, bütün bu əvvəlki problemlərə əlavə olaraq 2014-cü ilin sonlarından iqtisadi şəraitin pisləşməsi artıq bütün ticarət obyektlərinin satış dövriyyəsinə də mənfi təsir etməyə başladı:
“Tez-tez mağazaların kütləvi bağlanması haqda məlumatlar yayılır. Nədənsə mən bunu müşahidə edə bilmirəm. Çünki kütləvi dedikdə, hər 3 mağazadan və ya 4 mağazadan birinin bağlanması nəzərdə tutulur. Belə bir şey varmı? Yox! Sadəcə olaraq boş obyektlərin sayı əvvəlkilərə nisbətən artıb və bu hələki normal səviyyədədi. Sonra necə olacaq bilinmir”.