Azərbaycanda lisenziyaların verilməsi müddətini 15 gündək 10 günədək, icazələrin isə 7 günədək azaldılması təklif edilir.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilən “Lisenziyalar və icazələr haqqında” qanun layihəsində nəzərdə tutulub.
İclasda çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov bildirib ki, qanun layihəsi lisenziya və icazələrin verilməsi prosedurunun sadələşdirilməsini, onların verilməsi müddətinin azaldılmasını, “vahid pəncərə” prinispinin tətbiqini və s. nəzərdə tutur: “Əgər sahibkar lisenziya üçün müvafiq struktura müraciət edir və bu strukturdan müəyyən vaxt ərzində cavab almırsa, bu, sahibkarlıq fəaliyyətinin aparılması üçün icazə hesab ediləcək”.
PREİDENT ADMİNİSTRASİYASINA TƏQDİM EDİLİB
Yerli düşmüşkən, Azərbaycanda sahibkarlıq fəaliyyəti üçün verilən lisenziyaların sayının azaldılması və bəzi fəaliyyət növləri üçün müddətsiz lisenziyaların verilməsi ilə bağlı təkliflər Prezident Administrasiyasına təqdim edilib.
Bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Lisenziyalar və icazələr haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov deyib.
Onun sözlərinə görə, mövcud qanunvericiliyin tələblərinə əsasən, hazırda 59 fəaliyyət növü lisenziyalaşdırılır: “Alt sahələrlə birlikdə lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 107-yə çatır. Prezident Administrasiyasına təqdim olunan təkliflərdə bu lisenziyaların sayının azaldılması nəzərdə tutulub”.
S. Məmmədov əlavə edib ki, təkliflərdə lisenziya və icazələr üçün ödənişlərin azaldılması da öz əksini tapıb: “Regionlar ilə Bakı arasında differensial yanaşmanın tətbiq olunması ilə də bağlı təkliflər var”.
Mənbə: Trend, APA