Branson böhranı Türkiyəyə spekulyativ hücum üçün fürsət gözləyən beynəlxalq sərmayəyə istədiyi şəraiti yaratdı.

Axar.az xəbər verir ki, bunu “Cümhuriyyət” qəzetinə müsahibəsində türkiyəli iqtisadçı Barış Soydan deyib.

“Lirənin gözlənilmədən ucuzlaşmasının iki səbəbi var. Bunlar kəskin və struktur səbəblərdir. Kəskin səbəb ABŞ-la mövcud olan Branson böhranıdır. Xronik səbəblər isə cari kəsir və inflyasiyadır. Türkiyənin cari kəsirinin ümumdaxili məhsula nisbəti 6,5% miqdarındadır. Bu göstərici 5%-i keçdikdə böhran xəbərdarlığı kimi qəbul edilir. Cari kəsiri xaricdən aldığımız borcla bağladığımızı bilməyən yoxdur. Bunun üzərinə bir də özəl sektorun 337 milyard dollarlıq borcunu da əlavə edin. Struktur problemləri olmasaydı, keşiş Branson böhranı lirənin bu qədər ucuzlaşmasına səbəb olmazdı. Demək ki, problem cari kəsir və inflyasiyadır. Cari kəsir və inflyasiyanın arxasında isə iqtisadiyyatın həddən artıq qızması dayanır. İqtisadiyyat qaynadıqdan sonra daxili tələbat və idxalat partladı. İdxalat partlayanda cari kəsir sürətlə böyüyür. Bəs iqtisadiyyat niyə həddən artıq qızdı? Ona görə ki, 2017-ci il referendumundan öncə paylanılan KGF kreditləri və açıqlanan vergi endirimləri tələbatı alovlandırdı. Mərkəzi Bankın inflyasiyadakı artımı kompensasiya edəcək faiz artımlarına getməkdən imtina etməsi situasiyanı daha da gərginləşdirdi. Faiz artmayınca xarici investor inflyasiya ucbatından Türkiyə istiqrazlarından zərər görməyə başladı”, – Soydan bildirib.

Onun sözlərinə görə, Türkiyə yaranan böhranı aradan qaldırmaq üçün müəyyən ixtisarlara getməli olacaq:

“Branson böhranının düzələcəyinə ümid edirəm və ya ümid etmək istəyirəm. Əgər bu problem həll edilsə, struktur problemləri ilə qarşı-qarşıya qalacağıq. Cari kəsir və inflyasiyanı aşağı salmaq üçün iqtisadiyyat soyudulmalıdır. İqtisadiyyatı soyutmaq vergi endirimlərini ləğv etmək və dövlət xərclərini azaltmaq deməkdir. Bu, həmçinin, böyük layihələrin dayandırılması və təəssüf ki, yeni vergilərin qoyulması ilə müşahidə edilir. Üstəlik, təhsilə, səhiyyəyə ayrılan vəsait də azaldılacaq. Yəni “BVF-siz (Beynəlxalq Valyuta Fondu) BVF proqramı” və ya sabitlik proqramı qapımızın ağzını kəsdirir. Sual odur ki, iqtidar yerli idarəetmə strukturlarına seçki ərəfəsində buna gedərmi? Məncə, yox. Əsas ssenaridə Branson böhranı kimi kəskin problemlər həll edilər bilər, amma kritik problemlər davam edəcək. Optimist ssenaridə hər iki istiqamətdə problemlər həll ediləcək, pessimist ssenaridə isə hər iki istiqamətdə də addımlar atılmayacaq.

Branson böhranı davam etdikcə bazarlardakı qeyri-stabillik və spekulyatik hücumlar davam edəcək”.

İqtisadçı dolların bahalaşmasının təkcə Türkiyə ilə bağlı olmadığını, əksər inkişafda olan ölkələrə təsir edəcəyini deyib:

“Lirənin ucuzlaşmasının Avropa və ABŞ birjalarına təsirinə gəlincə isə bu, dərin məsələdir. ABŞ 2008-ci il böhranının 1929-cu il böhranına dönməsinin qarşısını almaq üçün aşağı faiz və ucuz pul siyasəti yürütdü. Vaşinqton indi faizləri mərhələli şəkildə artıraraq, bu siyasətini bitirir. Ucuz pul dönəmində Türkiyənin də içində olduğu inkişaf olan ölkələrə axan isti pulun bir qismi artıq öz evinə, yəni ABŞ-a dönür. Dolayı yolla, sadəcə, Türkiyə yox, əksər inkişafda olan ölkələr təhdidlə üz-üzədirlər”.