ABŞ-da prezident seçkiləri ərəfəsində milyarder İlon Mask hazırkı Prezident Cozef Baydenə iqtisadi zərbə vurub.

AZƏRTAC “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, İlon Mask Ağ evin keçən ilin əvvəlində “Tesla” şirkətinin elektrik avtomobil şarj cihazlarını digər avtomobil istehsalçılarına açmaq üçün imzaladığı razılaşmanı dəyişdirərək Prezident Baydenin gündəliyinə zərbə endirib.

Bu məsələ ilə yaxından tanış olan bir mənbə “Bloomberg News” kanalına bildirib ki, Mask keçən həftə “Tesla”nın demək olar ki, bütün batareya hazırlayan komandasını ləğv etmək qərarına gəlib. O, həmçinin şirkətin şarj şəbəkəsinin genişləndirilməsi prosesinin yavaşlayacağını söyləyib.

Analitiklər bildirirlər ki, Maskın bu addımı Baydenin yenidən Prezident seçilməsi ilə bağlı dəstəyin azalmasına xidmət edir. Eyni zamanda, Respublikaçıların ehtimal edilən namizədi Donald Tramp da seçki kampaniyasında dəfələrlə elektrikli avtomobillərin istehsalı ilə bağlı mənfi rəy bildirib.

Yerli akkumulyator istehsalı sənayesini inkişaf etdirməyə yönəlmiş vergi kreditləri Baydenin imzaladığı iqlim üzrə qanun layihəsinin və inflyasiyanın azaldılması strategiyasının əsas elementi idi. Onun administrasiyası, həmçinin 2021-ci ildən həyata keçirilən proqramları vasitəsilə şarj cihazlarına 7,5 milyard dollar xərcləyib.

İlon Maskın iki gün əvvəl Pekinə səfəri və Çinin Baş naziri ilə “Tesla” şirkətinin məhsullarının istehsalı ilə bağlı apardığı danışıqlar da Ağ evin narazılığına səbəb olub. Ekspertlər hesab edirlər ki, amerikalı milyarder Vaşinqtonun Çinlə bağlı siyasətinin əksinə olaraq, daha sız əməkdaşlığın ümumi maraqlara xidmət edəcəyinə inanır.