ABŞ-ın “Apple” korporasiyasının “iPhone 7” smartfonu 2017-ci ilin ikinci rübündə də ən çox satılan smartfonların siyahısına başçılıq edib.
İKT.lent.az-ın xəbərinə görə, ötən müddətdə dünya üzrə 16,9 milyon ədəd “iPhone 7” satılıb. Bu barədə “Strategy Analytics” şirkətinin məlumatında deyilir. Şirkətin araşdırmasına əsasən bu satış rəqəmi dünya üzrə 2017-ci ilin ikinci rübü üzrə satışların 5 faizi deməkdir. Bununla belə, tədarükün həcmi və modelin bazar payı birinci rüblə müqayisədə azalıb. İlk rübdə cihazların satışı 21,5 milyon ədəd, dünya üzrə bazar payı isə 6 faiz təşkil etmişdi.
Bu ilin aprel-iyun ayları ərzində böyük ekranlı və daha bahalı “iPhone 7 Plus” smartfonlarının tədarükü 15,1 milyon ədəd, dünya üzrə bazar payı 4 faiz olub. Hazırda dünyanın ən populyar 5 smartfonundan ikisi “Apple”a məxsusdur. Bu ilin birinci rübündə adıçəkilən modelin tədarükü 17,4 milyon ədəd olub ki, bu da bütün dünya üzrə smartfon bazarının 5 faizi deməkdir.
Ən çox satılan smartfonların arasında 3-cü yeri “Samsung Galaxy S8” tutur. Bu model ilin 2-ci rübündə dünya smartfon bazarında 3 faiz paya malik olub və onun tədarükü 10,2 milyon ədəd təşkil edib. “Samsung Galaxy S8+” modelinin tədarükü isə hesabat dövründə 9 milyon ədədə çatıb, onun dünya bazarındakı payı 2 faiz təşkil edib.
İkinci rübdə ən çox satılan smartfonlar arasında 5-ci sırada Çinin “Xiaomi Redmi 4A” smartfonudur. Onun satış həcmi 5,5 milyon ədəd, dünya üzrə bazar payı 2 faiz olub.
“Strategy Analytics” şirkətinin məlumatına əsasən ikinci rübdə dünya üzrə smartfon tədarükünün məcmu həcmi illik nisbətdə 5,53 faiz artıb və 360,4 milyon ədədə çatıb.