Azərbaycanda biznes qurumları ilə hökumət nümaynədələri arasında dialoqun başlanması üçün hər iki tərəf bəzi şərtlərə əməl etməlidir.

İqtisadçı ekspert Qalib Toğrul iri market rəhbərləri ilə hökumətin dialoqunun baş tutmaması səbəblərini açıqlayıb:

«Supermarket sahibləri ilə hökumət qurumları arasında gedən kommunikasiya (bunu ünsiyyətdən daha çox söz davası da adlandırmaq olar) nəticəsiz başa çatdı. Ancaq həm hökumət, həm də biznes üçün mühüm bir məsələni gündəmə gətirdi: dövlət-özəl sektor dialoqu. Məncə, özəl sektorun problemlərinin həll olunmamasının ən əsas səbəblərindən biri indiyədək dövlət qurumları ilə özəl sektor arasında dialoqun olmamasıdır. Kimsə etiraz edə bilər ki, sahibkarların müraciətindən sonra dərhal iqtisadiyyat naziri onları qəbul etdi. Qəbulu bir fakt kimi qəbul edirəm, doğrudur. Ancaq bu görüşü qətiyyən hökumətlə özəl sektorun dialoqu adlandırmaq olmaz. Niyə? Çünki:

1. Əvvəla, görüşün formatı dialoqa uyğun deyildi. Hər iki cəbhədən bütün maraqlı və qərar vermək səlahiyyəti olan tərəflər dialoqda təmsil olunmamışdı. Burda dövlət tərəfdən əksər maraqlı və səlahiyyətli qurumlar (Vergilər Nazirliyi, Milli Məclis, Prezident Aparatı və sair), biznes ictimaiyyətindən isə ən azı sahibkarların ən böyük ictimai birliyi olan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası bu prosesdən kənarda qalmışdı.

2. Görüş dövlət-özəl dilaoqun başlıca prinsipinə – açıqlığa zidd, bağlı qapı arxasında keçirildi. Görüşdən sonra İqtisadiyyat Nazirliyinin mətbuat xidməti tərəfindən bir-iki cümləlik press-reliz yayılmışdı: problemlər nazir tərəfindən dinlənildi, araşdırılır.

3. Dövlət-özəl dialoqunda dövlətin məqsədi biznesin real vəziyyəti barədə səhih (doğru) informasiya almaq, özəl sektorun məqsədi isə dövlətin diqqətini problemlərinə cəlb etməklə qanunvericilikdə dəyişiklik yolu ilə biznes mühitini münbitləşdirməkdir. Ancaq çox təəssüf ki, təşkilatlanmamış, birlik qurmamış sahibkarların təqdim etdikləri təkliflər aydın deyildi və əsaslandırılmamışdı. Prosesi lap əvvəldən diqqətlə izləsəm də, mənə – belə görürəm ki, elə hökumət qurumlarına da – onları nə istədikləri tam aydın deyil.

4. Dövlət-biznes dialoqu nəticə etibarı ilə hər iki tərəfin qazandığı, konstruktiv bir proses olmalıdır. Supermarket sahibləri ilə dövlət qurumlarının dilaoqu isə informasiya mübadiləsindən daha çox ittiham, hədə üstündə qurulmuşdu. Market sahibləri hökumətə yaxınlığı ilə seçilən bir saytda əgər tələbləri qəbul olunmazsa, işçilərin ixtisarı, sosial gərginliyin artacağı ilə hökuməti təhdid edirdilər. Hökumət qurumları isə əvvəlcə kommunikasiyaya loyal yanaşsalar da, sonradan qəti şəkildə təkliflərin qəbul oluna biməyəcəyini (məsələn, vergilər naziri Fazil Məmmədovun açıqlaması) bəyan elədilər.

5. Və nəhayət, dialoqun uğurla sonunclanması üçün mütləq orda bu sahədə daha çox təcürəbəyə malik olan beynəlxalq təşkilatların və şəffaf yollarla advokasi imkanlarından istifadə edən müstəqil vətəndaş cəmiyyətinin təmsil olunması vacib şərtdir. Hazırda ölkəmizdə hər iki ictimai qurumun fəaliyyəti məhdudlaşdıldığından təəssüf ki, praktiki baxımdan bu, mümkün deyil».