ABŞ-ın “Harley-Davidson” şirkəti ilin sonunadək 700 nəfər və ya işçi heyətinin təxminən 13%-ni ixtisar edəcəyi barədə qərar qəbul edib.

APA-Economics”in “Wall Street Journal”a istinadən verdiyi məlumata görə, bu qərar COVID-19 pandemiyası ilə əlaqədar xərclərin azaldılması ilə izah edilir. Nəşr qeyd edir ki, “Harley-Davidson”dakı problemlər mövcud böhrandan xeyli əvvəl başlayıb. Belə ki, şirkətin ABŞ bazarında satışları son bir neçə il azalmaqda davam edir. Bu da rəhbərlikdə kadr dəyişikliyinə səbəb olub. Belə ki, cari ilin əvvəlində “Harley-Davidson”un baş direktoru Mett Levatiçi əvvəllər Almaniyanın “Puma” şirkətinə rəhbərlik edən Yohen Zelts əvəz edib. Onun rəhbərliyi altında zavodlar yenidən açılsa da, karantin səbəbindən istehsal dayandırılıb. Bundan başqa, “Harley-Davidson” gənclərə istiqamətlənən yeni modellərin buraxılışını da təxirə salıb.

Dəyişikliklər şirkətin maliyyə şöbəsinə təsir edib. Belə ki, şöbəyə rəhbərlik edən Con Olin şirkəti tərk edib. Onu vitse-prezident Darrell Tomas əvəzləyib.

Qeyd edək ki, bundan öncə ABŞ-ın digər tanınmış şirkətləri də işçilərin ixtisar edəcəyini bildirib. Onların sırasında “United Airlines”, “Levi Strauss” və “Wallgreens Boots” yer alıb.