Avstriyanın “Migaloo” şirkəti daha varlı insanlar üçün dəbdəbəli sualtı yaxtalar inşa etməyi planlaşdırır. AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, “M5” markalı yaxtanın suyun altında 820 fut üzə biləcəyi və dənizin dibində bir ay qalacağı bildirilir.

Yaxtanın çox bahalı olmasına baxmayaraq, şirkətin icraçı direktoru Kristian Qumpold deyir ki, hazırda potensial alıcılar ilə danışıqlar aparılır.

“Migaloo M5” konsepsiyası, şirkətin dediyinə görə, suyun altında təxminən 820 fut dərinliyində səyahət edən və bir aya qədər orada qalacaq 540 futluq baza model yaxtanı əhatə edir. “Business Insider” nəşrinə müsahibə verən Kristian Qumpold deyib: “Yaxta sahiblərinin öz gəmilərinə olan ehtiyacları həmişəkindən daha mürəkkəbdir. Yeniliklər təkcə mükəmmələ naviqasiya, yaxtanın uzunluğu və ya dizaynı ilə bağlı deyil. Yaxta sahibləri özləri, qonaqları və qiymətli əşyaları üçün məxfilik, təhlükəsizlik və qorunma əldə edəcək, habelə elmi tədqiqatlar sahəsində unikal təcrübələri yerinə yetirəcək, həmçinin mümkün olan ən böyük eksklüzivlik qazanacaqlar”.

Bundan başqa, icraçı direktorun sözlərinə görə, yaxtanın alıcısı onun dizaynında bilavasitə iştirak edə biləcək. Şirkət potensial müştərilərlə lazer şousu ilə LED xarici işıqlandırma, helikopter meydançası, isti hava balonu və sualtı köpəkbalığı yemləmə stansiyası da daxil olmaqla seçimlərin siyahısını təklif edir. Gəminin kiçik sualtı qayıqlar, kəşfiyyat maşınları və işçi qayıqlar da daxil olmaqla çoxlu əlavə nəqliyyat vasitələrinə ev sahibliyi edə biləcəyi bildirilir. Onun göyərtəsində 20-yə qədər qonağın və 40-a yaxın personalın yerləşdirilməsi nəzərdə tutulur.