Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) tərəfindən bank olmayan kredit təşkilatlarının fəaliyyəti və onların dayanıqlı idarəetməsinin gücləndirilməsi məsələləri daim diqqət mərkəzində saxlanılır.

AMB-dan AZƏRTAC-a bildirilib ki, bu məqsədlə mövcud qanunvericilikdə qabaqcıl və müsbət təcrübələr əsasında mütəmadi təkmilləşdirilmə işləri aparılır, bank olmayan kredit təşkilatları sektorunun inkişafı üzrə strategiyaların formalaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Bununla yanaşı, bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət tədbirləri çərçivəsində qanunvericiliyin və Mərkəzi Bankın normativ xarakterli aktlarının tələblərinə riayətin təmin edilməsi məqsədilə zəruri göstərişlər verilir və onların icrası nəzarətdə saxlanılır.

Görülmüş işlər nəticəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fəaliyyətində yol verilmiş pozuntuların aradan qaldırılması barədə nəzarət orqanının göstərişlərinə əməl edilməməsi ilə əlaqədar “Gold Finance” Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin lisenziyası və “Viza Kredit Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin lisenziyası Mərkəzi Bankın İdarə Heyətinin 2023-cü il 31 may tarixli Qərarı ilə ləğv edilib. Qeyd olunmalıdır ki, adıçəkilən təşkilatlar tərəfindən müştərilərə verilmiş kreditlər tam həcmdə “ümidsiz aktiv” təsnifat kateqoriyasında olub və kapital tələbləri pozulub. Bundan əlavə, sözügedən təşkilatlar tərəfindən son bir neçə il ərzində kreditləşmə fəaliyyəti ümumiyyətlə həyata keçirilməyib. Bununla əlaqədar, kapitalın bərpası və aktivlərin keyfiyyətinin yaxşılaşdırılması üçün Mərkəzi Bank tərəfindən onlara möhlət və aidiyyəti göstərişlər verilsə də, həmin təşkilatlar tərəfindən zəruri tədbirlər görülməyib.

“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununun 25.4-cü maddəsinə əsasən, bank olmayan kredit təşkilatı lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş qaydada ləğv edilir.