Fransa hökuməti iqtisadi artımla bağlı proqnozlarını aşağıya doğru dəyişmək məcburiyyətində qalıb. Bunun fonunda nazirliklərin xərclərini azaltmaqla 10 milyard avroya qənaət etməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bunu Fransanın iqtisadiyyat, maliyyə, sənaye və rəqəmsal suverenlik naziri Bruno Le Maire deyib.
Nazir bildirib ki, cari ildə iqtisadi artım təxminən 1,4 faiz proqnozlaşdırılırdı. “Lakin iqtisadiyyatımızın artımı 1 faiz səviyyəsində qalacaq. Biz geosiyasi konteksti – Yaxın Şərqdəki hadisələri, həmçinin Çində iqtisadi yavaşlama və Almaniyadakı tənəzzülü nəzərə almalıyıq”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, hakimiyyət iqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün vergiləri artırmayacaq.