Proseslər göstərir ki, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) bu gün və noyabr iclasında uçot dərəcələrini qaldırması ehtimalı azdır.  

Bu haqda iqtisadçı ekspert Samir Əliyev açıqlama verib. Onun sözlərinə görə, FES-in dekabr iclasında da uçot dərəcələrini artırması sual altındadır:

“FES uzun müddətdir ki, bazarı gərginlikdə saxlayır. Ancaq getdikcə bazar iştirakçılarının FES-in açıqlamalarına etibarı azalır. Bu isə ABŞ Mərkəzi Bankının reputasiyasına zərbə vurmaqla yanaşı, təhlükəli haldır. Çünki bazarın FES qərarına olan gözləntisinin düzgün qurulmaması çoxlu çalxalanmalara rəvac verə bilər. Təsəvvür edin ki, FES bu gün uçot dərəcəsini qaldırır, amma bazar buna hazır deyil. Belə vəziyyətdə dünyanın maliyyə bazarı çalxalanacaq. Bu isə ən azı FES-ə lazım deyil”.

Qeyd edək ki, FES 26-27 iyulda, iki gün davam edən iclasın yekununda uçot dərəcəsini dəyişməyərək 0,25-0,5% səviyyəsində saxlayıb. Faizlə bağlı fikir ayrılıqlarının olduğunu bildirən ekspertlər FES-in bugünkü toplantısında uçot dərəcələrinin artırılmayacağını proqnozlaşdırırlar.

Axar.az